Azərbaycan bir sıra regional və beynəlxalq platformalara dəvət olunur, dövlətimizin başçısı sammitlərdə nüfuzlu, fəxri qonaq kimi iştirak edir. Prezident İlham Əliyevin Rusiyanın Kazan şəhərində keçirilən XVI BRICS Sammitinə dəvət olunması bir daha bu reallığı təsdiqləyir. Hazırda 10 üzvü olan BRICS 2006-cı ildə yaradılıb. BRICS Sammitində 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreş iştirak edib. BRICS 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri əlaqələndirən vahid geosiyasi bloka çevrilib, həmçinin dünya əhalisinin təxminən yarısını və qlobal iqtisadiyyatın dörddəbirindən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzinə çevrilib. Hazırda iqlim çağırışlarının aktuallığı bütün dünya üzrə heç vaxt olmadığı qədər artıb. Azərbaycan COP29 konfransına ev sahibliyi hüququnu öz üzərinə götürməklə və ötən bir ildə hazırlıq prosesini uğurla keçməklə dünyanı narahat edən iqlim çağırışlarına necə böyük həssaslıqla yanaşdığını nümayiş etdirir. Kazan Bəyannaməsində BRICS-in Bakıda COP29-un uğurla keçirilməsinə sadiqliyi vurğulanıb. “Biz Azərbaycanda COP29-un uğurla keçirilməsində qərarlıyıq”, – deyə sənəddə vurğulanır. Bəyannamədə müəyyən edilmiş fəaliyyət və məqsədlərə nail olmaq üçün əsas vasitə kimi inkişaf etməkdə olan ölkələrlə bağlı iqlim maliyyələşdirilməsi üzrə yaxşı nəticələr gözlənildiyinə dərin inam ifadə olunub. Azərbaycan Şərq-Qərb dəhlizi olan Trans-Xəzər (Orta Dəhliz) nəqliyyat dəhlizi ailəsinin fəal üzvü kimi son illər ərzində bu layihədə strateji rolunu və mövqeyini daha da möhkəmləndirib. Xəzər dənizində ən böyük ticarət qovşağı olan Bakı Beynəlxalq Dəniz Limanının inşa olunması, Bakı-Tbilisi-Qarsın istifadəyə verilməsi, Ələt Azad İqtisadi Zonasının yaradılması, dəmir yolu infrastrukturunun şaxələndirilməsi və modernləşdirilməsi, avtomagistrallar, hava limanları kimi yeni layihələrin icrası da Orta Dəhlizin inkişafına xidmət edir. Azərbaycan 2017-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə faktiki olaraq Yeni İpək Yolunun rentabelli işlək coğrafi qovşaqlarından birinə sahib olub. Çindən ilk konteyner qatarı Xəzər dənizindən keçməklə Azərbaycana gəlib və 2018-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yükdaşımaların həyata keçirilməsi bu dəhlizin fəaliyyətə başlamasına beynəlxalq hüquqi status verib. Hesablamalara görə, “Bir kəmər, bir yol” layihəsi tam işə düşdükdən sonra il ərzində Xəzər dənizi vasitəsilə 15 milyon ton yükaşırma qabiliyyətinə malik olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının gücü 25-30 milyon tona qədər artırılacaq. Bu dəhlizin ən strateji xətlərindən biri Naxçıvan ilə quru əlaqələrin bərpası və muxtar respublikasının Xəzər-Aralıq dənizini birləşdirən körpüyə çevrilməsidir. Naxçıvanla kommunikasiya sisteminin qurulması üçün İpək yolunun məsafəsi və yüklərin çatdırılma sürəti daha əlverişlidir. Eləcə də, Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin kəsişməsində yerləşir. Bütün bu amillər Azərbaycanın BRICS üçün önəmini xüsusilə artırır. Bu, baxımdan, Azərbaycan-BRICS tərəfdaşlığı yaxın perspektivdə daha da güclənəcək. Tezliklə sülhə nail olmaq üçün Ermənistan bu prosesdə manipulyasiya etməməli, Azərbaycanın ədalətli şərtləri əsasında sülh sazişi imzalanmalıdır.
Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı