
30 illik işğal, həmçinin postmünaqişə dövrünün reallıqları əksər dünya güclərinin təcavüzkarın, işğalçının yanında olduğunu nümayiş etdirir. Azərbaycanın tarixi Zəfərdən sonra Ermənistana təklif etdiyi sülh müqaviləsinin imzalanması prosesinin uzanmasında da belə dəstəklərin rolu aydın şəkildə görünür. Azərbaycanın beynəlxalq hüququn prinsiplərini özündə ehtiva edən təklifləri Ermənistan tərəfindən qəbul edilib. Sülh müqaviləsinin imzalanması üçün iki şərtin qəbul edilməsi gündəmdədir ki, bunsun biri Ermənistanın konstitusiyasında dəyişiklik etməsidir. Dövlət başçısı İlham Əliyev “Biz Ermənistandan ərazi bütövlüyümüz və onların Konstitusiyası ilə bağlı nəyi gözləyirik, bu, məlumdur. Əgər bunlar edilərsə, sülh sazişi imzalana bilər və beləliklə, Cənubi Qafqazda artıq inteqrasiya edilmiş bölgə üçün heç bir maneə qalmayacaq” söyləyərək bu çağırışı da etdi ki, lakin realist danışsaq, bu o demək deyil ki, Ermənistanla dərhal dost olacağıq. Burada müəyyən iqtisadi inteqrasiya haqqında danışmaq tezdir. Lakin kiçik addımlarla başlayaraq etimadı qura bilərik. Bu yaxınlarda təşəbbüslər irəli sürülüb və biz Ermənistanın mövqeyini gözləyirik.
Dövlət başçısı İlham Əliyev forumdakı çıxışında bu məqama xüsusi diqqət yönəltdi ki, biz Birləşmiş Ştatlara lazım olduğumuz zaman Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin tətbiqi dayandırılırdı. Lakin ABŞ qoşunları Əfqanıstandan qaçdıqdan sonra bunu ölkəmizə qarşı yenidən tətbiq etməyə başladılar. Belə bir ədalətsiz mövqe bildirmək bu administrasiyanın özü üçün çox böyük zərbə idi. Çünki bundan sonra onlara kim inanardı? Beləliklə, bizim Bayden-Blinken komandasına olan inamımız sıfra gəlib çıxdı və münasibətlərimiz çox ağır böhrana düşdü. Bayden administrasiyası mövqeyini birmənalı olaraq Ermənistanla bağladı. Dövlət başçısı İlham Əliyevin hər bir çıxışı bugümüzün reallıqları fonunda dünyaya mühüm çağırışlarla zəngindir. Söhbət yeni dünya nizamının formalaşmasından gedirsə, hər bir ölkənin xarici, təhlükəsizlik və müdafiə siyasətini ciddi nəzərdən keçirməsi əsas şərtlərdən biridir. Forum çərçivəsində rəylərdə bu məqam xüsusi qeyd olundu ki, qlobal miqyasda Azərbaycanın rolunu görmək olduqca vacibdir. Geosiyasi və geoiqtisadi statusu artan ölkəmiz yeni dünya nizamında əsas söz sahibi olan dövlətlərdən birinə çevrilir. Azərbaycan Avropa və Asiya arasında, Şərq-Qərb və Şimal-Cənub kəsişmə nöqtəsində yerləşir. Ölkəmiz dövlətlər, xalqlar arasında körpü rolunu oynayır.
Elmar Allahverdiyev,
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitunun direktoru