AnalitikaGündəmİqtisadiyyat

Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir

Tarixi Zəfərimizdən sonrakı dövrün mühüm reallıqlarından biri də  hər ilin ilk ayında  dövlətimizin başçısı İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsinin ənənəvi xarakter almasıdır. Həmin müsahibələrin müqayisəli təhlili əsasında bu məqamı böyük əminliklə qeyd edirik ki, ilin əvvəlində açıqlanan hədəflər, gündəmə gətirilən məsələlər artıq ilin sonunda reallığa çevrilməsi ilə yadda qalır. Ötən müsahibələrdə  olduğu kimi, dövlətimizin başçısı İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində də  ilk diqqət yönəldilən məsələ hər bir ölkənin inkişafında vacib amil olan  iqtisadi tərəqqi oldu. Dövlətimizin başçısının müsahibədə vurğuladığı kimi, artıq uzun illərdir aparılan məqsədyönlü islahatlar nəticəsində ölkəmizdə dayanıqlı iqtisadi inkişafa nail olunub və gələcək illərdə bu dinamika qorunub saxlanılacaq. Belə ki, keçən il ümumi daxili məhsul 4 faizdən, qeyri-neft sektoru 6 faizdən, qeyri-neft sənayesi isə 7 faizdən çox artıb.

Hazırda Azərbaycanın xarici borcu ümumi daxili məhsulun cəmi 7.2 faizini təşkil edir ki, bu sahədə ölkəmiz dünyada liderlər sırasındadır. Eyni zamanda, ötən il valyuta ehtiyatlarımız 5 milyard dollardan çox artaraq 72 milyard dollara çatıb. Valyuta ehtiyatlarımızın xarici borcu 14 dəfə üstələməsi, bu ilin dövlət büdcəsinin Azərbaycan tarixində ən böyük – rekord səviyyədə – büdcə xərcləri 41 milyard manatdan, icmal büdcənin isə 48 milyard manatdan çox olması ölkəmizin dayanıqlı maliyyə resurslarına malik olduğunu sübut edir. Bu gün Azərbaycanın iqtisadi inkişafı ölkə vətəndaşlarının sosial rifah halının yaxşılaşmasına da səbəb olub. Təsadüfi deyil ki, bu ilin yanvarından minimum əməkhaqqı və pensiyanın məbləği artırılıb. Qarabağın, Şərqi Zəngəzurun bərpası və Böyük Qayıdış prosesi kimi nəhəng və yüksək maliyyə tələb edən çağırışla üz-üzə qalan Azərbaycanın vətəndaş rifahına bu qədər böyük diqqət ayırması dövlət siyasətinin mahiyyətini göstərir. Onu nümayiş etdirir ki, ölkəmizdə sosial və iqtisadi inkişaf paralel gedir. Dövlətimizin başçısı İlham Əliyevin müsahibəsində  vurğuladığı kimi, Ermənistanda gedən silahlanma prosesi  Cənubi Qafqaz üçün yeni təhdid amilidir. Azərbaycan  sadəcə olaraq, müşahidəçi kimi buna baxıb heç nə etməyə bilməz. Bu gün sanki Ermənistanın arxasında duran kimi görünən və onları Azərbaycana qarşı yeni provokasiyalara, təxribatlara təhrik edənlər, çox güman ki, axıra qədər onların arxasında durmayacaqlar. Necə ki,  2020-ci ildə və ondan sonrakı dövrdə dura bilməmişlər. Ona görə yox ki, durmaq istəmirlər,  Azərbaycan bu imkanları verməyəcək.  Azərbaycanın dövlət büdcəsinin əhəmiyyətli hissəsi hərbi və təhlükəsizlik məsələlərinə xərclənəcək. Müqayisə üçün qeyd edək ki, Qarabağın və Şərqi Zəngəzurun bərpasına 4 milyard, hərbi və təhlükəsizlik məsələlərinin həlli üçün 8,4 milyard manat vəsait xərclənəcək.

Ermənistanın silahlanma yarışı maliyyə resurslarımızı hərbi məsələlərə cəlb etməyə məcbur edir. Ermənistan silahlanma yarışında ölkəmizlə rəqabət apara bilməz, ölkə Prezidenti bir daha bu çağırışı etdi ki, Ermənistanın silahlanması, sadəcə olaraq, yeni gərginliyə gətirib çıxaracaq. Biz bunu istəmirik. Biz sülh istəyirik. Biz istəyirik ki, artıq müharibə səhifəsi bağlansın. Ancaq görürük ki, Ermənistanın həm özü, həm onun yeni havadarları bunu istəmirlər. Onlar revanşist fikirlərlə yaşayırlar və Ermənistan faktiki olaraq bölgə üçün bir təhdid mənbəyidir.

Müstəqil Ermənistan dövləti, əslində, faşist dövlətdir. Çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar. Azərbaycana  qarşı 30 illik işğalçılıq siyasəti, sadəcə olaraq, Ermənistan deyil, onunla həmrəy olan islamofob, azərbaycanofob, irqçi, ksenofob dairələrin, xarici ölkələrin nümayəndələrinin birgə məhsuludur. Belə bir faşist dövlətlə  qonşuyuq və faşizm təhlükəsi sovuşmur. Ona görə faşizm məhv edilməlidir. Bunu ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da biz məhv edəcəyik. Ermənistan silahlanmanı dərhal dayandırmalıdır. Ona silah verən Fransa və digər ölkələr o kontraktlara xitam verməlidir, ləğv etməlidir. Artıq Ermənistana göndərilmiş silahlar geri qayıtmalıdır. Bu, bizim şərtimizdir. Əgər biz nəyisə deyiriksə, deməli, artıq bu məsələyə çox ciddi yanaşırıq. Prezident İlham Əliyevin  qeyd etdiyi kimi,  Azərbaycan regionda  aparıcı iqtisadiyyatdır, aparıcı hərbi gücdür və aparıcı dövlətdir. Ölkəmiz yeni dünya nizamının formalaşması prosesinin fəal iştirakçısı olmalıdır. Yeni nizamı ədalətli nizam kimi görürük. Suverenlik, müstəqillik, bir-birinin işlərinə qarışmamaq, müxtəlif bəhanələrlə ölkələrin daxili vəziyyətini gərginləşdirməmək, bütün bunlar  xarici siyasət xəttimizdir. Azərbaycan öz siyasəti ilə  Cənubi Qafqazda yeni nəqliyyat və energetika xəritəsini yaradıb. Dövlətimizin başçısı İlham Əliyev bu mənzərəni belə təqdim etdi ki, bir tərəfimiz Xəzər üzərindən Orta Asiyaya uzanır, bir tərəfimiz Avropaya və bu böyük coğrafiyada Azərbaycan faktiki olaraq əvəzolunmaz ölkəyə çevrilir. Sadəcə olaraq, xəritəyə baxmaq kifayətdir. Ölkəmiz  yeni dünya nizamına öz töhfəsini əməlləri ilə  verir. Yaxın və orta keçmişə nəzər salsaq görərik ki, dünya tarixində öz ərazi bütövlüyünü öz gücü ilə bərpa edən ikinci ölkə olmayıb. Müstəqil siyasət aparmaq iqtidarında olan ölkələrin sayı da o qədər də çox deyil.

Natiq Mahmuodov,
YAP Şuşa rayon  təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button