
2025-ci il aprelin 28-də İran İslam Respublikasının yeni prezidenti, islahatçı siyasətçi Məsud Pəzeşkianın Azərbaycan Respublikasına etdiyi rəsmi səfər, təkcə iki qonşu ölkə arasında diplomatik münasibətlərin bərpası deyil, eyni zamanda bölgədə strateji tarazlıqların dəyişməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Bu səfər, İran-Azərbaycan münasibətlərinin son illərdəki dalğalanmalarından sonra qarşılıqlı anlaşma, əməkdaşlıq və regional sabitlik istiqamətində atılan yeni addım kimi qəbul olunur. Azərbaycan-İran münasibətlərində qarşılıqlı etimad mühiti formalaşır.
Azərbaycan və İran xalqları arasında bu qardaşlıq ruhu, bəzi siyasi gərginliklərə baxmayaraq, xalq səviyyəsində daim qorunub saxlanılmışdır. Azərbaycan ilə İran arasında son illərdə müxtəlif sahələri əhatə edən bir sıra mühüm sənədlər imzalanmışdır. Bu sənədlər iki ölkə arasında iqtisadi, nəqliyyat, enerji, su ehtiyatları və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Azərbaycan-İran münasibətləri çox qədim tarixə əsaslanır. Xalqlar arasında belə qədim tarixi bağlar, mədəni əlaqələr iki ölkə arasındakı münasibətlərin inkişafına zəmin yaradır. Hər iki xalqın mədəniyyət, mənəvi dəyərlər baxımından bir birinə yaxın olması, din birliyi, ortaq tarixi keçmişi bu ölkələri bir birinə yaxınlaşdırır və əlaqələrinin inkişafına təkan verir. Məsud Pezeşkian bu səfər zamanı Azərbaycan dilində şeirlər səsləndirmiş, dövlət televiziyasına müsahibə zamanı Azərbaycan türkcəsində danışmışdır. İrandan gələn heyətin belə yüksək səviyyədə qarşılanması, İran Prezidenti tərəfindən atılan bu cür addımlar İran-Azərbaycan münasibətlərinin sürətlə inkişaf edəcəyini deməyə əsas verir.
Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi