
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2025-ci ilin may ayında Macarıstana işgüzar səfər etmişdir. Bu səfər iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi məqsədi daşıyırdı.
Səfər çərçivəsində Prezident İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orban ilə görüş keçirmiş, iki ölkə arasında siyasi, iqtisadi, enerji və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılmışdır. Görüşdə Azərbaycan ilə Macarıstan arasında enerji təhlükəsizliyi, alternativ enerji layihələri və nəqliyyat dəhlizləri kimi mühüm məsələlər diqqət mərkəzində olmuşdur.
Prezident İlham Əliyevin Macarıstana səfəri Azərbaycan-Macarıstan əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini bir daha sübut etmiş, Avropa İttifaqı ilə əməkdaşlıq baxımından da strateji əhəmiyyət kəsb etmişdir. Qeyd etmək lazımdır ki, Macarıstan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləyən ölkələrdən biridir. İki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlər, o cümlədən Prezident İlham Əliyevin və Baş nazir Viktor Orbanın müntəzəm görüşləri, əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə təkan vermişdir. Məhz bu səfər, həmçinin Azərbaycanın Avropa bazarlarına çıxış imkanlarının genişlənməsinə, regional və beynəlxalq səviyyədə nüfuzunun daha da möhkəmlənməsinə təkan verən mühüm addım olmuşdur.
İqtisadi sahədə, xüsusilə enerji və kənd təsərrüfatı sektorlarında əməkdaşlıq əhəmiyyətli yer tutur. Macarıstan Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsində maraqlı tərəf kimi çıxış edir və enerji təhlükəsizliyi sahəsində sıx əməkdaşlıq həyata keçirilir. Təhsil sahəsində də əməkdaşlıq uğurla inkişaf edir. Macarıstan hökuməti hər il azərbaycanlı tələbələr üçün təqaüd proqramları ayırır və Macarıstan universitetlərində təhsil alan gənclərin sayı artmaqdadır.
Mədəniyyət sahəsində isə hər iki ölkədə qarşılıqlı sərgilər, konsertlər və tədbirlər təşkil olunur. Macarıstanda Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyət göstərir və iki ölkə xalqları arasında mədəni körpü rolunu oynayır.
Ümumilikdə, Azərbaycan ilə Macarıstan arasındakı münasibətlər qarşılıqlı hörmətə, etimada və faydalı əməkdaşlığa əsaslanır və gələcəkdə bu əlaqələrin daha da inkişaf edəcəyi gözlənilir.
Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi.