GündəmAnalitika

Azərbaycan MDB ilə əməkdaşlığa xüsusi önəm verir

Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlər arasında qarşılıqlı bərabərhüquqlu və faydalı əməkdaşlığa xidmət etmək üçün fəaliyyət göstərən regional dövlətlərarası təşkilatdır. Bu gün MDB beynəlxalq əməkdaşlığın önəmli formatı kimi qəbul edilməkdədir. Təsadüfi də deyil ki, hazırda MDB-də 8-i nizamnamə, 69-u sahəvi əməkdaşlıq orqanı və 15-i digər qurumlar olmaqla, ümumilikdə 90-dan çox orqan fəaliyyət göstərir. Azərbaycanın da MDB ilə əlaqələri, o cümlədən də quruma daxil olan ayrı-ayrı dövlətlərlə ikitərəfli münasibətləri qarşılıqlı hörmət prinsipinə əsaslanır və milli maraqlara xidmət edir.

2025-ci ildə Laçın şəhərinin Müstəqil Dövlətlər Birliyi (MDB) mədəniyyət paytaxtı seçilməsi, bölgənin mədəni irsinin, tarixi ənənələrinin və sosial dinamikasının beynəlxalq səviyyədə tanınması üçün əhəmiyyətli bir addımdır. Bu Laçının mədəniyyət sahəsindəki potensialını ortaya çıxarmaq, yerli əhalinin mədəni həyatını canlandırmaq və beynəlxalq əlaqələri gücləndirmək məqsədini daşıyır.

Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində əməkdaşlıq bu gün postsovet məkanında inteqrasiya proseslərinin mühüm istiqamətini təşkil edir. Prezident İlham Əliyevin 8 oktyabr 2024-cü il tarixində Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsini və MDB çərçivəsində mədəni, iqtisadi və siyasi əməkdaşlığın perspektivlərini vurğulamışdır. Bu çıxış Azərbaycanın beynəlxalq arenada rolunun güclənməsi və Rusiya ilə müttəfiqlik əlaqələrinin dərinləşməsi istiqamətində mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin çıxışında vurğulanan əsas məqamlardan biri Rusiya Federasiyası Prezidentinin Azərbaycana son dövlət səfərinin nəticələri və Rusiya-Azərbaycan münasibətlərinin müttəfiqlik xarakterinin möhkəmləndirilməsi olmuşdur. İki ölkə arasında əldə olunmuş razılaşmalar yalnız iqtisadi əməkdaşlıq deyil, həm də regional təhlükəsizlik məsələlərində strateji tərəfdaşlığın inkişafı üçün mühüm rol oynayır. Bu əməkdaşlıq MDB çərçivəsində qarşılıqlı fəaliyyətin genişlənməsi üçün yeni imkanlar yaradır.

Aytac Məhərrəmli,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button