
“Milli mətbuatımızın yaranması günü də təkcə jurnalistlərin deyil, bütün xalqımızın bayramıdır. Azərbaycan Milli mətbuatının yaranması görkəmli maarifçi və pedaqoq Həsən bəy Zərdabinin adı ilə bağlıdır. Bir sıra görkəmli ictimai-siyasi xadimlərlə yanaşı, bu fəaliyyəti yüksək qiymətləndirən Ümummilli Lider Heydər Əliyev demişdir ki, Azərbaycan mətbuatı xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini vermiş, onun müstəqillik amalının güclənməsində, mənəvi dəyərlərinin tərəqqisində, milli şüurun, mədəniyyətin formalaşmasında böyük rol oynamışdır. Bu sözlərin təsdiqi olaraq ulu öndər Heydər Əliyevin Sərəncamı ilə 1995-ci ildən hər il iyulun 22-si Milli mətbuatın yaranması günü kimi qeyd olunur”.
Bunu “İnfososium.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü funksiyasını yerinə yetirmişdir. Müxtəlif dövrlərdə ölkə rəhbərliyinin təşəbbüsü ilə çap mediasının vergidən azad edilməsi, eləcə də qəzetlərin, jurnalların nəşriyyata olan borclarının silinməsi haqqında qəbul olunan qərarlar ölkədə mətbuatın inkişafına dair göstərilən dəstəyin daha bir təzahürüdür:
“Azərbaycan Prezidentlərinə təqdim olunan “Jurnalistlərin dostu” mükafatları Azərbaycan iqtidarının mətbuata açıq olmasının, eləcə də sahənin inkişafına ayrılan yüksək diqqətin təcəssümü deməkdir. Çünki həm Ulu Öndər Heydər Əliyev və həm də Prezident İlham Əliyev bütün dövrlərdə mətbuatın inkişafına prinsipial diqqət ayırmışlar və mətbuat işçiləri ilə mütəmadi təşkil olunan görüşlər mətbuatın davamlı inkişafına səbəb olmuşdur. Milli mətbuatın inkişafına göstərilən dəstəyə görə Ulu Öndər Heydər Əliyev 2002-ci ildə, Prezident İlham Əliyev 2010, 2013, 2017 və 2018-ci illərdə “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən təsis olunmuş “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşlər”.
Onun sözlərinə görə, 149-cü ildönümünü qeyd etdiyimiz Milli Mətbuat Gününü bu il ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş bütöv Azərbaycanda qeyd edirik. İnanırıq ki, uzun və şərəfli tarixə malik olan Azərbaycan mətbuatı öz qarşısında duran bütün vəzifələrin, missiyaların öhdəsindən layiqincə gələcək, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və təbliğində fəal rol oynayaraq daha böyük nailiyyətlərə imza atacaq.