AnalitikaGündəmOrduQarabağ və Şərqi Zəngəzur

Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır

27 Sentyabrda başlayan hərbi əməliyyatlarda Milli Ordumuzun hissələri 30 ilə yaxın bir zaman kəsiyində möhkəm istehkamlarla qorunan “xətti” silib-süpürdülər, ermənilərin canlı qüvvə və hərbi texnikalarını torpağın dərinliklərinə gömdülər. Strategiya olaraq bir neçə cəbhədə düşməni sıxışdırmağa müvəffəq olan ordumuz 4 şəhər, 200-dən artıq kənd, bir neçə qəsəbə və strateji cəhətdən əlverişli mövqedə olan Murovdağ yüksəkliyini azad etməyə nail olub. Bütün bunlar ordumuzun yüksək döyüş qabiliyyəti və qələbə əzminin bariz nümunəsidir.

Ali Baş Komandanımız cənab İlham Əliyevin komandanlığı altında olan ordu hissələrimiz bir daha Azərbaycanın gücünü bütün dünyaya sübut etdi. Davam edən hərbi əməliyyatlarda da düşmənin necə aciz duruma düşməsi və arxasına belə baxmadan qaçması onların necə də qorxaq xislətli biri olduqlarını açıq-aydın əks etdirir. Ermənistan respublikası ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir. Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir.  Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdilər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edildi. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi. Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilmişdir. Aparılan uğurlu siyasət və görülən davamlı tədbirlər sayəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.

İslam Bafadarov,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button