
Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə bir sıra vacib qlobal və regional məsələləri əhatə edib. Müsahibə zamanı beynəlxalq siyasətə yanaşmanın formalaşmasında Qlobal Bakı Forumunun rolu, Cənubi Qafqazda davam edən proseslər və dünyada baş verən qlobal dəyişikliklər geniş müzakirə olunub.
Müsahibə zamanı sülh sazişinin imzalanmasının vacibliyi məsələsi də gündəmə gəlib. Dövlət başçısı qeyd edib ki, bu sazişin imzalanması bölgədə uzunmüddətli sabitliyin təmin edilməsi üçün əsas şərtdir. O bildirib ki, əgər tərəflər sülhə nail olmasa, gərginlik davam edəcək və təhlükəsizlik məsələləri açıq qalacaq.
Prezident İlham Əliyev həmçinin qlobal dəyişikliklərin hələ yeni başladığını və bu proseslərin gələcəkdə daha da sürətlənəcəyini vurğulayıb. O, Azərbaycanın bu dəyişikliklərə uyğun çevik siyasət yürütməyə hazır olduğunu və milli maraqlarını qorumaq üçün bütün imkanlardan istifadə edəcəyini bildirib.
Bu müsahibə Azərbaycanın beynəlxalq aləmdə öz müstəqil mövqeyini qorumağa və qlobal proseslərdə aktiv iştirak etməyə davam etdiyini bir daha təsdiqləyib. Dövlət başçısının açıqlamaları Azərbaycanın gələcək strategiyasını və dünya siyasətindəki yerini göstərən vacib mesajlar olub.
Həsənova Səbinə,
YAP-ın fəalı