
2025-ci il iyulun 2-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında keçirilən görüş və onun ardınca baş tutan mətbuat üçün birgə bəyanatlar, iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu təsdiqlədi. Prezidenti Cənab İlham Əliyevin çıxışı yalnız diplomatik nəzakət ifadələri ilə məhdudlaşmadı, həm də iqtisadi, siyasi və strateji əməkdaşlıqların dərinliyini nümayiş etdirdi. Prezident Cənab İlham Əliyev bəyanatında bildirdi ki, 2022-ci ildə imzalanan Müttəfiqlik haqqında Bəyannamə artıq konkret nəticələr verməkdədir. O, Özbəkistanla münasibətləri “rəsmi müttəfiqlik” səviyyəsində dəyərləndirərək, bu çərçivədə əməkdaşlığın sistemli şəkildə inkişaf etdiyini vurğuladı. Azərbaycan və Özbəkistan arasında yüksək səviyyəli qarşılıqlı səfərlər və Dövlətlərarası Şuranın fəaliyyəti, bu müttəfiqliyin real siyasi çərçivəyə keçdiyini göstərir. Görüş zamanı iqtisadi əməkdaşlıq ön planda idi. İlham Əliyev qeyd etdi ki, iki ölkə arasında ticarət dövriyyəsinin 2030-cu ilə qədər 1 milyard ABŞ dollarına çatdırılması hədəflənir. Bu, sadəcə rəqəm deyil – eyni zamanda kənd təsərrüfatı, sənaye, logistika və rəqəmsal texnologiyalar sahəsində yeni layihələrin başlanğıcı deməkdir. Özbəkistan şirkətləri artıq Azərbaycanda sərmayə yatırmağa başlayıb. Xüsusilə sənaye zonalarında ortaq müəssisələrin qurulması, hər iki ölkəyə həm məhsul, həm də texnologiya ixracı üçün imkanlar yaradır. Cənubi Qafqaz regionu və Orta Asiya arasında enerji və nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi də diqqət mərkəzində idi. Azərbaycan Prezidentinin sözlərinə görə, bu əməkdaşlıq Orta Dəhliz üzərindən daşımaların artırılması və Azərbaycan vasitəsilə Özbəkistan məhsullarının Avropa bazarına çıxarılmasını təmin edəcək. Enerji sektorunda, xüsusilə yaşıl enerji və alternativ enerji layihələrində birgə əməkdaşlıq imkanları da nəzərdən keçirilib. Prezident Əliyev təhsil və elm sahəsində əməkdaşlığın genişləndiyini qeyd edərək, bu sahədə artıq bir sıra universitetlər arasında müqavilələrin imzalandığını bildirdi. Özbəkistanın Səmərqənd və Buxara şəhərlərində Azərbaycan mədəniyyət günlərinin keçirilməsi və Azərbaycan universitetlərində özbək dili və ədəbiyyatı ilə bağlı proqramların təşkili planlaşdırılır. Prezident Cənab İlham Əliyev, Özbəkistan milli futbol komandasının dünya çempionatına vəsiqə qazanmasını alqışlayaraq, bunu bütün Türk dünyası üçün qürurverici hadisə kimi dəyərləndirdi. Bu, təkcə idman uğuru deyil, həm də humanitar sahədə xalqlar arasında birlik və qardaşlığın simvoludur.
Rüstəmov Bəhruz,
Yeni Azərbaycan Partiyası, məsləhətçi