AnalitikaGündəmSiyasət

Azərbaycan qarşılıqlı hörmət və maraq əsasında çox güclü əlaqələr qurmuşdur

Aprelin 9-da ADA Universitetində “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forum keçirilib. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib. Dövlətimizin başçısı bildirib ki, müxtəlif ölkələrdən olan beynəlxalq ekspertlərin böyük bir qrupu qlobal gündəlikdə duran mühüm məsələləri müzakirə etmək üçün Azərbaycanı yeddinci dəfədir ki, ziyarət edir.

Azərbaycanın torpaqlarının 30 ildən artıq Ermənistanın işğalı altında qaldığını deyən Prezident İlham Əliyev bildirib ki, 1923-cü ildə əsassız olaraq yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayəti zaman bombası idi və o, lazım olan anda partladı.

Azərbaycanın siyasi və coğrafi mövqeyi barədə danışarkən vurğulanıb ki, istər Avropa İttifaqı və ya Amerika Birləşmiş Ştatları olsun, istərsə də digər beynəlxalq təşkilatlar olsun, Qərbdən Mərkəzi Asiyaya və əlbəttə ki, həmin regionla uzunmüddətli əməkdaşlığın qurulmasının planlaşdırılmasına böyük marağın olduğunu bilirik. Azərbaycanın nəzərə alınmamasının mümkünsüz olduğunu anlamaq üçün, sadəcə, xəritəyə nəzər salmaq kifayət edər. Baxmayaraq ki, Avropada Azərbaycanı nəinki bu prosesdən ayırmağı, eyni zamanda, Qafqazda, xüsusilə Cənubi Qafqazda ayırıcı xətlər yaratmaq istəyən bəzi qüvvələr var. Lakin bu səylər əlbəttə ki, uğurla nəticələnməyəcək.

Azərbaycan qarşılıqlı hörmət və maraq əsasında çox güclü əlaqələr qurmuşdur. Eyni sözləri Mərkəzi Asiya ölkələri haqqında da söyləmək olar. Bəzi Mərkəzi Asiya ölkələri və Körfəz Əməkdaşlığı Şurasına üzv ölkələrin bəziləri ilə bir neçə birgə investisiya fondu yaradılıb. Beləliklə, bu sinerjinin yaradılması əlbəttə ki, hamımıza fayda verəcək.

Azərbaycan və Ermənistan arasında saziş imzalananda və imzalandığı təqdirdə əlbəttə ki, əməkdaşlığın başlanılmasına heç bir maneə qalmayacaq. Bütün bu işlər tamamlanan və sülh sazişi imzalanan kimi Cənubi Qafqazı inteqrasiya olunmuş regiona çevirməyə cəhd etmək üçün heç bir maneə qalmayacaq.

Biz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmişik, separatizmə son qoymuşuq və sərhədlərimizi nəzarətimiz altına almışıq. Bizim üçün bu məsələ bitib. Lakin bu, potensial təhdidləri və potensial təhlükəni, sadəcə, nəzərə almayacağımız demək deyil. Biz həmişə onları yerinə otuzdurmağa hazır olmalıyıq. Bu səbəbdən ordu quruculuğuna külli miqdarda vəsait xərcləməyə davam edirik.

Biz Türkiyə ilə 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamışıq və rəsmi surətdə müttəfiq olmuşuq. İsrail Azərbaycana dost ölkədir. Uzun illər ərzində hər ikimiz üçün çətin zamanlarda qarşılıqlı dostluq nümayiş olunub. Ona görə də, əlbəttə ki, bu iki ölkə arasındakı gərginlik bizim üçün çox narahatlıq doğurur. Türkiyə ilə İsrail arasında ilk uğurlu barışıq müəyyən dərəcədə Azərbaycanın vasitəçiliyi ilə əldə olunub. Azərbaycan bu prosesdə birinci yerdə idi.

Azərbaycanın ABŞ ilə münasibətlərinə toxunan dövlət başçısı qeyd edib ki, respublikaçıların administrasiyası ilə işləmək demokratların administrasiyası ilə işləməkdən daha rahat olub. Bayden-Blinken administrasiyası dövründə ABŞ ilə Azərbaycan arasında münasibətlər böhran vəziyyətində olan münasibətlər kimi səciyyələndirilə bilər. Bunun səbəbkarı biz deyildik. ABŞ-ın Azərbaycana ehtiyacı olanda Azərbaycana münasibətdə ayrı-seçkiliyi nümayiş etdirən Azadlığa Dəstək Aktına “907-ci düzəliş” müvəqqəti olaraq dayandırılırdı. ABŞ-ın hər bir prezidenti hər il bunu dayandırırdı. Lakin Bayden-Blinken administrasiyası Əfqanıstandan qaçan kimi,- bunu onların necə etdiyini hamımız gördük, – onlar bizə qarşı bu düzəlişi yenidən tətbiq etdilər. Belə nankor olmaq administrasiyanın özünə də ziyan verir. Demokratların hakimiyyətdə olduğu bütün administrasiyalar dövründə Ermənistanın necə dəstəkləndiyini hamımız bilirdik.

“Tramp administrasiyasının gündəliyini nəzərə alsaq, münasibətlərimizdə bu dövrün tərəfdaşlığımızı gücləndirmək üçün çox yaxşı imkan olacağını gözləyə bilərik. Yeni administrasiya ilə çox güclü, proqnozlaşdırılabilən, uzunmüddətli strateji əlaqələrə başlayacağımız və ya ola bilsin ki, yenidən başlayacağımız vaxtı gözləyirik” – Azərbaycan Prezidenti bildirib.

Prezident İlham Əliyev Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini, lakin yaxın gələcəkdə Ukrayna ilə Rusiya arasında sülh üçün hər hansı perspektiv görmədiyini deyib.

Ölkə başçısı həmçinin Gürcüstanla əlaqələrin bizim üçün strateji əhəmiyyətə malik olduğunu bildirib. Bizi birləşdirən layihələr yalnız bizim xalqlarımız və ölkələrimiz üçün deyil, daha geniş coğrafiya üçün vacibdir.

Azərbaycan Prezidenti İranla münasibətlərə də toxunub, deyib ki, Prezident Pezeşkianın bu ay ölkəmizə səfər edəcəyini gözləyirik. Yeni administrasiya ilə bizim işgüzar əlaqələrimiz var, ancaq iki ölkə arasında əlaqələrin tam normallaşdırılması üçün terror hadisəsi törədən, onu təşkil edən və bu hadisənin arxasında dayanan hər kəs mühakimə edilməli və cəzalandırılmalıdır.

Orta Dəhlizə – Sədr Si Cinpinin “Bir kəmər, bir yol” təşəbbüsünü Azərbaycanın ilk gündən dəstəklədiyini deyən Azərbaycan Prezidenti əlavə edib ki, Çindən gələn yüklərin bir hissəsi Zəngəzurdan, Zəngilan istiqamətindən keçə bilər.

“İslam dünyasındakı rolumuza gəldikdə, bu, müsəlman icmaları tərəfindən yüksək qiymətləndirilir” – Azərbaycan Prezidenti bəyan edib. O, deyib ki, müsəlman dünyası ölkələri hər hansı bir ərəb ölkəsindəki vəziyyətlə bağlı siyasətlərini qiymətləndirərkən və ya işləyib hazırlayarkən, ilk növbədə, Ərəb Liqasının müəyyən təlimatlarına əməl etməlidirlər.

Azərbaycan Prezidenti İlham Əliyev dünyada baş verən demək olar ki, bütün siyasi-iqtisadi proseslərə münasibət bildirib. Bütün bu proseslərdə bizim marağımızın qarşılıqlı əməkdaşlıq, sülh, bərabərlik, dürüstlük olduğunu qeyd edib.

Gültəkin Rüstəmova,
Kürdəxanı qəsəbəsi, 113 nömrəli tam orta məktəbin direktoru

Oxşar Xəbərlər

Back to top button