AnalitikaGündəmSiyasət

Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan layihədir

XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizi dörd seqmentdən – “Şahdəniz Mərhələ-II”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarətdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir. Bu isə ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir.

Ötən il toplantı pandemiya səbəbindən videokonfrans formatda keçirilsə də, bu dəfə müvafiq şərtlərə əməl etməklə Avropa İttifaqının komissarları, ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya, Xorvatiya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya, Moldova, Bosniya və Herseqovina, Ukrayna və Türkmənistanın yüksək səviyyəli nümayəndələri Bakıda bir araya gəldilər.

Cənub Qaz Dəhlizi — Cənubi Qafqaz qaz boru kəmərini (Bakı-Tbilisi-Ərzurum) genişləndirmək, həmçinin Türkiyədə TANAP qaz kəmərinin tikintisini və Avropada TAP qaz kəmərini genişləndirilməsi üzrə layihədir. Bu layihə çərçivəsində hasil ediləcək, təbiiqaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstın, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin dibindən keçməklə İtaliyaya qədər 3500 kilometrdən artıq uzanan boru kəmərləri vasitəsilə çatdırılacaq.

Cənub Qaz Dəhlizi layihəsinin məqsədi “Şahdəniz qaz-kondensat yatağının tammiqyaslı işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndiriləcək Cənubi Qafqaz Qaz Boru Kəməri (CQBK) və yeni tikiləcək TANAP və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Türkiyə və Cənubi Avropaya ixracını təmin etməkdir. Layihənin əsas məqsədi Avropaya qaz tədarükünün təhlükəsizliyinin təmin edilməsi və artırılmasıdır.

Cənub qaz dəhlizi”ndə yeddi ölkə iştirak edir:  Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya. Üç Balkan ölkəsi – Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro layihəyə qoşulmaq niyyətindədir. Yəni “Cənub qaz dəhlizi”nin hələ “qol”ları olacaq. Çünki Avropada  Azərbaycan qazına tələbat var. Bu bizə ixrac imkanlarımızı getdikcə daha da  genişləndirmək imkanı verir.

“Cənub qaz dəhlizi”nin təməli 2014-cü il sentyabrın 20-də, “Əsrin müqaviləsi”nin 20 illiyi qeyd olunan gün Səngəçal terminalında qoyulub. Layihə geniş beynəlxalq əməkdaşlıq şəraitində gerçəkləşib. Odur ki, dörd seqmentdən ibarət bu nəhəng layihənin uğurla həyata keçirilməsi bütün iştirakçı dövlətlərin və şirkətlərin, geniş-miqyaslı işlərdə əməyi olan hər kəsin nailiyyətidir.

Adətən belə qlobal layihələrin reallaşması çox vaxt tələb edir. Dörd hissəsinin hər birinin özlüyündə çox böyük bir layihə olduğunu nəzərə alsaq, “Cənub qaz dəhlizi”nin cəmi 6 ilə reallaşması əslində bir qələbədir. Onu da qeyd edək ki, 2015-ci ildən başlayaraq “Cənub qaz dəhlizi”nin ildə bir dəfə toplaşan Məşvərət Şurasının altı görüşünün hamısı Bakıda keçirilib. Bu da layihəyə Azərbaycanın liderlik etdiyinin daha bir təsdiqidir.

Son zamanlar dünyada baş verən COVID-19 pandemiyası, həmçinin Ermənistan tərəfindən Azərbaycana edilən hücumlar və 44 günlük Vətən müharibəsi “Cənub qaz dəhlizi”nin yekunlaşmasına mane ola bilmədi. Beləliklə, Avropanın enerji bazarını şaxələndirəcək və onun enerji təhlükəsizliyini gücləndirəcək yeni enerji təchizatı layihəsi uğurla tamamlandı. Bu, ölkəmiz üçün də xüsusi əhəmiyyətli hadisədir. Çünki Azərbaycan artıq Avropa bazarı üçün təbii qaz ixracatçısıdır və regionlararası iqtisadi əməkdaşlığa, enerji mənbələri və marşrutlarının şaxələndirilməsinə öz sanballı töhfəsini verir.

Azərbaycan qazı yeni mənbədir və “Cənub qaz dəhlizi” yeni enerji damarıdır, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan layihədir. Bu layihənin həyata keçirilməsində maraqlar balansı gözlənilib, yəni iştirak edən bütün tərəflərin maraqları təmin edilib ki, bu da çox önəmli amildir.

Ceyhun Sadizadə,
Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin Tarix müəllimi

Oxşar Xəbərlər

Back to top button