AnalitikaGündəmSiyasət

Azərbaycan qazının artıq Şimali Makedoniya bazarına çatdırılması ciddi iqtisadi hadisədir

Qədim tarixi olan Makedoniya və Azərbaycan xalqı oxşar keçmişə, bənzər talelərə malikdirlər. Dünyada mürəkkəb tarixi yol keçmiş, bəşəriyyətə görkəmli sərkərdələr bəxş etmiş bu iki ölkə müəyyən dönəmlərdə müstəmləkə ölkəsi olaraq mücadilə aparıblar. Makedoniyalılar da azərbaycanlılar kimi 1990-ci illərdə müstəqillik qazandılar.

Yuqoslaviya və SSRİ-nin dağılması nəticəsində Şimali Makedoniya ilə Azərbaycan müstəqil dövlət oldular. Bu gün Avropada Azərbaycanla ən yaxşı münasibətləri, güclü əlaqələri olan dövlətlər məhz Balkan yarımadasında yerləşir. Ölkələrimiz arasında güclü iqtisadi əməkdaşlıq digər sahələr üzrə də əlaqələrimizin inkişafına geniş imkanlar yaradır. Azərbaycanın Balkan yarımadası dövlətləri ilə əlaqələrinin genişlənməsi xarici siyasətinin əsas prioritet istiqamətlərindən biri olmaqla, ölkəmizin  Avropa və Asiya arasında geosiyasi mövqeyinin möhkəmləndirilməsi, iqtisadi əlaqələrin dərinləşdirilməsi və bölgə ilə strateji tərəfdaşlıq əlaqələrinin qurulması baxımından mühüm əhəmiyyət kəsb edir. Ölkəmizin qlobal neft və qaz layihələri, həmçinin energetika sahəsində həyata keçirdiyi geniş infrastruktur işləri Şimali Makedoniyanın maraq dairəsinə daxil olmaqla bu ölkənin regionun enerji təhlükəsizliyinə töhfəsini artırma potensialını göstərir. Cənub Qaz Dəhlizi, Trans Anadolu Qaz Kəməri (TANAP) və Trans Adriatik Qaz Kəməri (TAP) kimi layihələrdə Azərbaycanın əməkdaşlıq etdiyi ölkələrin bir çoxunun Şimali Makedoniya ilə sıx əlaqələri mövcuddur ki, bu da tərəfdaşlar arasında enerji və ticarət əlaqələrinin inkişafına mühüm töhfə verir. Azərbaycan və Şimali Makedoniya arasında enerji sahəsindəki əməkdaşlıq Azərbaycanın Qərb istiqamətində, xüsusilə son illər daha da aktuallaşan enerji təhlükəsizliyi məsələsində güclənən mövqeyini və rolunu bir daha ifadə edir. Avropa birjalarında təbii qazın qiymətinin artması Balkan dövlətlərini ciddi şəkildə düşündürür və belə olduğu halda, enerji təhlükəsizliyinin təmin olunması məqsədilə alternativ həllərin araşdırılması zəruriləşir. Bununla yanaşı, Avropanın 4 ölkəsində – Macarıstan, Slovakiya, Çexiya və Avstriyada enerji problemlərinin artması gözlənilir. Bu baxımdan, Azərbaycanın zəngin enerji ehtiyatlarından faydalanmaq bu ölkələrin maraq dairəsindədir. Bu əməkdaşlıq həmçinin Azərbaycanın beynəlxalq enerji bazarlarında daha geniş təsir imkanlarına sahib olmasını və enerji nəqliyyat dəhlizləri üzərindən regional təsir gücünü artırmasını təmin edir. Beləliklə, Azərbaycan və Şimali Makedoniya əlaqələri enerji təhlükəsizliyinin təmin olunmasında strateji əhəmiyyət kəsb edən bir faktora çevrilir.

Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button