
“Prezident İlham Əliyevin 31 iyul 2026-cı ildə Qırğızıstana dövlət səfəri Azərbaycan-Qırğızıstan münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini nümayiş etdirdi. Səfərin əsas siyasi nəticəsi iki ölkə arasında münasibətlərin ən yüksək səviyyəyə – müttəfiqlik müstəvisinə qaldırılması oldu. Bu status yalnız dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi deyil, həm də beynəlxalq platformalarda, təhlükəsizlik, iqtisadiyyat və ticarət sahələrində qarşılıqlı dəstək öhdəliyi deməkdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, müttəfiqlik böyük məsuliyyət yaradır və hər iki dövlət bu məsuliyyəti bölüşməyə hazırdır”.
Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, səfər çərçivəsində imzalanmış geniş sənədlər paketi əməkdaşlığın çoxşaxəli xarakterini göstərir: “Xüsusilə Azərbaycan-Qırğız İnvestisiya Fondunun kapitalının iki dəfə artırılaraq 200 milyon dollara çatdırılması iqtisadi tərəfdaşlığın institusional bazasını gücləndirir. Fondun Qırğızıstanda birgə istehsal müəssisələrinin yaradılmasına, yeni iş yerlərinin açılmasına və qarşılıqlı investisiyaların artmasına xidmət edəcəyi gözlənilir. İssık-Kul sahilində Azərbaycan dövlətinin vəsaiti hesabına inşa olunan beşulduzlu “Bakı” hotelinin açılması da iqtisadi əməkdaşlığın konkret və simvolik nəticələrindən biridir”.
“Azərbaycan və Qırğızıstan arasında münasibətlər yalnız siyasi və iqtisadi maraqlara əsaslanmır” – deyən Ramil Vəlibəyov əlavə edib ki, ortaq türk kökləri, mədəni irs və tarixi yaddaş humanitar əməkdaşlığa xüsusi məzmun verir: “Ağdamda “Manas” adına məktəbin açılması Qırğızıstanın Qarabağın bərpasına töhfəsini ifadə edir. Bakıda Çingiz Aytmatovun abidəsinin və onun adını daşıyan parkın, Bişkekdə isə Qırğızıstan-Azərbaycan Dostluq Parkının yaradılması iki xalqın mənəvi yaxınlığının göstəricisidir. Prezidentlərin qarşılıqlı olaraq “Manas” və “Heydər Əliyev” ordenləri ilə təltif edilməsi münasibətlərin yüksək siyasi səviyyəsini təsdiqləyir. Azərbaycanın Mərkəzi Asiya Məşvərət görüşlərinə tamhüquqlu üzv qəbul olunması isə ölkəmizin regionla inteqrasiyasını sürətləndirir. Bu baxımdan Çolpon-Ata Bəyannaməsi yalnız ikitərəfli münasibətlər üçün deyil, Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığının gələcək arxitekturası üçün də strateji əhəmiyyət daşıyır”.



