AnalitikaGündəmSiyasət

Azərbaycan regionda sülhü və ədaləti müdafiə edir

Son illərdə beynəlxalq arenada Ermənistanın imici ilə bağlı müxtəlif təbliğat kampaniyalarının şahidi oluruq. Xüsusilə bəzi Avropa bürokratları bu ölkəni guya sülhsevər, regionda sabitliyin tərəfdarı olan bir dövlət kimi təqdim etməyə çalışırlar. Lakin reallıq tamamilə fərqlidir. Ermənistanın tarixi və siyasi gedişləri göstərir ki, bu ölkə regionda gərginliyin əsas mənbələrindən biridir. Ermənistan uzun illər boyu qonşularına qarşı ərazi iddiaları irəli sürən bir dövlət kimi tanınır. 1990-cı illərdə Azərbaycanın Qarabağ bölgəsini işğal etməsi, minlərlə insanın öz doğma torpaqlarından qovulması və Xocalı faciəsi kimi ağır cinayətlər bu siyasətin nəticələridir. 2020-ci ildə isə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və Ermənistanın təcavüzkar niyyətlərini ifşa etdi. Ermənistan hökuməti, xüsusilə də Paşinyan hakimiyyəti, beynəlxalq ictimaiyyəti aldatmaq üçün müxtəlif metodlardan istifadə edir. Ölkə rəsmiləri özlərini guya “sülhsevər”, “demokratik” və “qurban” kimi təqdim etməyə çalışsalar da, əslində regionda yeni qarşıdurmaların yaranmasına səbəb olurlar. Bəzi Avropa bürokratları Ermənistanın bu manipulyativ siyasətinə dəstək verir və onu “sülh göyərçini” kimi qələmə almağa çalışırlar. Bunun əsas səbəbi geosiyasi maraqlardır. Ermənistan, Avropa üçün Rusiyanın təsir dairəsindən qoparıla biləcək bir ölkə kimi görülür və bu səbəbdən ona qarşı yumşaq münasibət göstərilir. Eyni zamanda, bəzi Qərb dairələri Ermənistanı Azərbaycan və Türkiyəyə qarşı bir alət kimi istifadə etmək niyyətindədir. Bunun ən bariz nümunələrindən biri də Avropa Parlamentində və bəzi Qərb təşkilatlarında Azərbaycanın haqlı mövqeyinə qarşı aparılan qərəzli müzakirələrdir. Ermənistanın törətdiyi müharibə cinayətləri və etnik təmizləmələr haqqında isə danışılmır. Avropalı siyasətçilər Ermənistanın hərbi təxribatlarını görməzdən gəlir, əksinə, Azərbaycanın öz ərazilərində suveren hüquqlarını bərpa etməsinə qarşı çıxırlar. Beynəlxalq təşkilatlar, xüsusilə də Avropa İttifaqı və ATƏT, regiondakı vəziyyətə qərəzli yanaşır. Məsələn, 2020-ci ildə Azərbaycanın öz ərazilərini azad etməsinə baxmayaraq, Ermənistanı dəstəkləyən bəzi Avropa dövlətləri, Bakıya qarşı təzyiq göstərməyə çalışırlar. ATƏT-in Minsk Qrupu illərlə heç bir nəticə verməyən danışıqlar apararaq, Ermənistanın işğalçılıq siyasətinə dolayısı ilə dəstək verib. Ermənistanın beynəlxalq arenada “sülhsevər” imicini yaratmaq cəhdləri bir çox hallarda Avropadakı erməni lobbilərinin fəaliyyəti ilə bağlıdır. Fransada, Belçikada və digər ölkələrdə güclü erməni diasporası, Ermənistanın maraqlarını müdafiə edən siyasətçilərə təsir göstərir. Bunun nəticəsində isə Qərbdə Ermənistanın həqiqi siması haqqında yanlış təsəvvür formalaşır. Azərbaycan hər zaman sülhün və beynəlxalq hüququn tərəfdarı olub. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, regionda davamlı sülh yalnız ədalətli həll yolu ilə mümkündür. Ermənistan isə hələ də revanşist qüvvələrin təsiri altındadır və sülh prosesini yubadır. Azərbaycan sülh müqaviləsinin imzalanmasını və Ermənistanın ölkəmizin suverenliyini tam şəkildə tanımasını istəyir. Lakin Ermənistan hökuməti gah Qərbə, gah Rusiyaya tərəf meyillənərək manipulyasiya siyasətini davam etdirir. Bu vəziyyət Avropa tərəfindən açıq şəkildə dəstəklənir və bu da bölgədə yeni gərginliklərin yaranmasına səbəb ola bilər.  Ermənistanı sülh göyərçini kimi təqdim etməyə çalışan Avropa bürokratları regiondakı real vəziyyəti görməzdən gəlirlər. Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyi hər zaman ədalətli olub və ölkəmiz öz ərazi bütövlüyünü bərpa edərək, regionda sabitliyin əsas təminatçısına çevrilib. Qərbin bu məsələdə obyektiv mövqe tutması və Ermənistanın manipulyativ siyasətinə son qoyması regionun gələcək inkişafı üçün vacibdir.

İsmayıl Nağızadə,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button