AnalitikaGündəmSiyasət

Azərbaycan siyasi, geosiyasi və iqtisadi baxımdan olduqca mühüm əhəmiyyətə malik ölkədir

“Məlum olduğu kimi, ADA Universitetində “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forum keçirilib. Müxtəlif ölkələrdən olan 80-dək beynəlxalq ekspertin iştirak etdiyi bu forum artıq yeddinci dəfədir ki təşkil olunur. Forumda əsasən müasir planetimizin ortaq xüsusiyyətləri hesab olunan dünyadakı tektonik dəyişikliklər, regional və qlobal münaqişələr, siyasi səhnələrin radikallaşdırılması, millətçiliyin baş qaldırması və çoxtərəfliyə edilən hücumlar, beynəlxalq hüququn zəifləməsi, əvəzində isə güc, qüvvə və zorakılığın dominantlığına çevrilməsi, eləcə də iqlim məsələləri, miqrasiya problemləri, qlobal proteksionizm və ticarət müharibələri kimi əhəmiyyətli məsələlər müzakirə olunub. Forumda iştirak edən Prezident İlham Əliyev beynəlxalq ekspertlərin Azərbaycan, Cənubi Qafqaz regionu, Avrasiya geosiyasi məkanı və formalaşmaqda olan yeni dünya nizamı ilə əlaqəli suallarını cavablandırıb, çox mühüm məqamlara toxunub və siyasi mesajlarını verib”.

Bunu “İnfososium.az”a açıqlamasındaYeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, forumda Prezident İlham Əliyev bir daha Azərbaycanın geosiyasi və geostrateji əhəmiyyətini xarakterizə edən əsas faktorları diqqətə çatdırmaqla bu gün ölkəmizin əməkdaşlıq etdiyi coğrafiyanın xəritəsini də diqqətə çatdırıb: “Şərq və Qərb coğrafiyasının bir hissəsi olaraq Azərbaycan Xəzər hövzəsi, Mərkəzi Asiya, Yaxın Şərq, Avropa, Afrika ölkələri, eləcə də Rusiya, Çin, ABŞ kimi böyük dövlətlər sıx əməkdaşlıq əlaqələrinə malikdir. Baxmayaraq ki, hazırda Avropada bəzi dairələr Cənubi Qafqazda ayırıcı xətlər yaratmaq və Azərbaycanı “autsayder” ölkəyə çevirmək istəsələr də, buna nail ola bilmirlər və bu, onlarda alınmayacaq. Çünki Azərbaycan Qafqazın, Xəzərin açar dövlətidir və Avrasiya gestrateji məkanında əməkdaşlığı təmin, təşkil edən dəhlizdir. Bir sözlə, Azərbaycan Çindən Britaniyaya qədər uzanan Orta dəhlizin mühüm təşkilatçılarındandır. Bu səbəbdən də bu gün Azərbaycan siyasi, geosiyasi və iqtisadi baxımdan olduqca mühüm əhəmiyyətə malikdir və yeni dünya nizamında ölkəmizin strateji vacibliyi göz önündədir”.

“Azərbaycan yalnız nəqliyyat infrastrukturu ilə Şərqlə Qərbi birləşdirmir, eyni zamanda enerji layihələri ilə də Avrasiya məkanında mühüm əməkdaşlıq platformaları yaradır” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizinin dibi ilə gedəcək yaşıl enerji kabelinə dair mühüm müqavilə imzalanıb: “Eyni zamanda, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında 1195 km uzunluğunda “Black Sea Energy” sualtı elektrik kabelinin tikintisi ilə bağlı strateji tərəfdaşlıq sazişi də imzalanıb. Bu layihə ilə Bolqarıstan, Serbiya və Moldova da maraqlanır. Bundan başqa Azərbaycan təşəbbüsü və iştirakı ilə reallaşdırılmış Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın 12 dövlətinə təbii qaz nəql edilməkdədir. Göründüyü kimi, Azərbaycan yalnız enerji layihələri ilə böyük coğrafiyada yerləşən 20 qədər ölkəni birləşdirən əməkdaşlıq platforması formalaşdırıb. Heç şübhəsiz ki, beynəlxalq nəqliyyat daşımaları və enerji layihələri adları çəkilən ölkələrə, onların yerləşdiyi coğrafiyaya təhlükəsizlik, sabitlik və uzunmüddətli əməkdaşlıq amillərini gətirir”.

Oxşar Xəbərlər

Back to top button