
“2025-ci il 28 may tarixində Prezident İlham Əliyevin Laçında etdiyi çıxış, tarixi yaddaşımızda mühüm bir mərhələ kimi yer aldı. Bu çıxış yalnız Azərbaycanın dövlət müstəqilliyini və ərazi bütövlüyünü vurğulamaqla kifayətlənmədi, həm də Türkiyə və Pakistan ilə birliyimizin, qardaşlığımızın nə qədər dərin və əbədi olduğunun nümayişinə çevrildi. Laçında keçirilən ikinci üçtərəfli Zirvə görüşü Azərbaycan-Türkiyə-Pakistan strateji əməkdaşlığının yeni mərhələyə qədəm qoyduğunu sübut etdi. Prezident İlham Əliyev çıxışında vurğuladı ki, bu üç dövlət yalnız rəsmi tərəfdaş deyil, eyni zamanda bütün çətinliklərdə bir-birinin yanında olan qardaş xalqlardır. Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı bu birliyin sarsılmaz olduğunu bir daha sübut etdi”.
Bunu “İnfososium.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, 30 il işğal altında qalmış Laçında bu gün Azərbaycan bayrağının dalğalanması və qardaş ölkələrin liderlərinin orada bir araya gəlməsi böyük rəmzi məna daşıyır. Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsində Türkiyə və Pakistanın verdiyi siyasi və mənəvi dəstəyin Azərbaycan xalqını ruhlandırdığını və zəfərə aparan yolda mühüm rol oynadığını qeyd edib. Hazırda azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, Azərbaycanın gələcəyə nə qədər nikbin baxdığını göstərir. Prezident İlham Əliyev qeyd edib ki, artıq 43 minə yaxın insan bu torpaqlara qayıdıb və bu, “Böyük Qayıdış” proqramının uğurla həyata keçdiyini təsdiqləyir. Üç hava limanı, xəstəxanalar, məktəblər və onlarla kilometr yollar – bunlar azad torpaqların dirçəlişinin nümunələridir.
Onun sözlərinə görə, Laçından səslənən bu çağırış – “Yaşasın Azərbaycan-Türkiyə-Pakistan birliyi və qardaşlığı!” – artıq regional deyil, qlobal əhəmiyyət daşıyan bir mesajdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi bu birlik dünyanın diqqət mərkəzindədir və göstərilən həmrəylik yeni siyasi və diplomatik reallıqlar yaradır. Nəticə olaraq, Prezident İlham Əliyevin Laçında səsləndirdiyi fikirlər təkcə Azərbaycanın tarixi yaddaşına deyil, həm də beynəlxalq münasibətlər sisteminə təsir edən güclü bir bəyanat oldu. Azərbaycan, Türkiyə və Pakistan – üç qardaş ölkə bu birliklə yalnız regional deyil, qlobal sülhə və ədalətə xidmət etdiklərini bir daha sübut etdilər.