
Müasir dövrdə dövlətlərarası münasibətlər sistemi yalnız paytaxt şəhərlərdə keçirilən rəsmi protokollarla məhdudlaşmır. Son illərin təcrübəsi göstərir ki, regionlar artıq diplomatik dialoqun və mühüm siyasi mesajların verildiyi strateji platformalara çevrilməkdədir. Bu baxımdan, Ukrayna Prezidenti Volodimir Zelenskinin 25 aprel 2026-cı il tarixində Azərbaycanın füsunkar güşəsi olan Qəbələ şəhərinə reallaşdırdığı səfər həm yerli, həm də beynəlxalq mediada geniş rezonans doğurdu. Bu səfər sadəcə iki liderin görüşü deyil, eyni zamanda Azərbaycanın regional inkişaf modelinin və təhlükəsizlik mühitinin dünyaya təqdimatı idi.
Qəbələnin seçilməsi heç də təsadüfi xarakter daşımırdı. Tarixi və mədəni zənginliyi ilə yanaşı, müasir turizm infrastrukturuna malik olan bu bölgə Azərbaycanın paytaxtdan kənarda da nə qədər güclü potensiala malik olduğunu sübut edir. Zelenskinin burada qarşılanması ölkənin hər bir qarışının yüksək səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi edə biləcəyini göstərdi. Səfər zamanı aparılan müzakirələr enerji təhlükəsizliyindən tutmuş iqtisadi əməkdaşlığa qədər geniş bir spektri əhatə etdi. Xüsusilə Ukraynaya göstərilən humanitar yardımlar, infrastrukturun bərpası və ukraynalı uşaqların Qəbələnin sağlamlıq mərkəzlərində reabilitasiya keçməsi məsələləri görüşün ən səmimi və önəmli hissələrindən biri oldu.
Bu görüşün siyasi tərəfi də olduqca dərin məna daşıyırdı. İki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində atılan addımlar, imzalanan yeni sənədlər Azərbaycan-Ukrayna əlaqələrinin yeni müstəviyə keçdiyini təsdiqlədi. Prezidentlərin qlobal gərginlik fonunda məhz belə dinc və sabit bir mühitdə bir araya gəlməsi dünyaya sülh, dialoq və qarşılıqlı etimad mesajı verdi. Zelenski Azərbaycanın balanslaşdırılmış xarici siyasətini və regional sabitliyə verdiyi töhfələri yüksək qiymətləndirərək, ölkəmizin etibarlı tərəfdaş olduğunu bir daha vurğuladı.
Nəticə etibarilə, Qəbələ səfəri Azərbaycanın beynəlxalq nüfuzunun artmasının və regionların inkişaf strategiyasının uğurunun göstəricisidir. Bu hadisə sübut etdi ki, müasir diplomatiya artıq rəsmi kabinetlərdən çıxaraq regionların təbii və mədəni mühiti ilə vəhdət təşkil edir. Bu cür yüksək səviyyəli görüşlər həm ölkəmizin daxili birliyini, həm də xarici siyasətdəki sarsılmaz mövqeyini bütün dünyaya nümayiş etdirir.
İldırım Eyvazlı,
YAP-ın gənc fəalı



