
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında diplomatik, iqtisadi və mədəni əlaqələr son illərdə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. 2025-2028-ci illəri əhatə edən dövr üçün imzalanmış yeni sənədlər bu münasibətlərin daha da dərinləşəcəyinin və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın güclənəcəyinin göstəricisidir. İki ölkə arasında imzalanmış beş mühüm sənəd müxtəlif sahələri əhatə etməklə, strateji tərəfdaşlığın möhkəmləndirilməsinə xidmət edir. “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İran İslam Respublikasının Xarici İşlər Nazirliyi arasında 2025-2027-ci illər üçün Siyasi Məsləhətləşmələr Proqramı” bu sənədlər içərisində xüsusi əhəmiyyətə malikdir. Bu proqram iki ölkənin diplomatik idarələri arasında davamlı siyasi dialoqu təmin edəcək. Siyasi məsləhətləşmələr, regionda və beynəlxalq aləmdə baş verən proseslərə dair qarşılıqlı anlaşma və koordinasiyanın artırılmasına imkan yaradacaq. Bu cür mexanizmlər, həmçinin, gərginliklərin qarşısının alınmasında və problemlərin sülh yolu ilə həllində mühüm rol oynaya bilər. İmzalanmış sənədlər arasında nəqliyyat sahəsi xüsusi yer tutur. “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə İran İslam Respublikasının Yol və Şəhərsalma Nazirliyi arasında 2025-2026-cı illər üçün nəqliyyat sahəsində hərtərəfli əməkdaşlıq haqqında Anlaşma Memorandumu” regionda dayanıqlı və səmərəli nəqliyyat əlaqələrinin qurulmasına yönəlib. Bu memorandum çərçivəsində yük və sərnişin daşımalarının inkişaf etdirilməsi, yol infrastrukturunun modernləşdirilməsi və sərhəd keçid məntəqələrinin optimallaşdırılması nəzərdə tutulur. Bundan əlavə, dənizçilik sahəsində də mühüm bir addım atılmışdır. Tərəflər “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın I/10-cu qaydasına əsasən sertifikatların qarşılıqlı tanınmasına dair Anlaşma Memorandumu imzalamışlar. Bu sənəd, Azərbaycan və İran dənizçilərinin beynəlxalq standartlara uyğun hazırlığını və peşəkar fəaliyyət imkanlarının genişlənməsini təmin edəcək. Həmçinin, Xəzər dənizi hövzəsində əməkdaşlığın intensivləşməsinə də təkan verəcək.
Azərbaycan-İran münasibətlərinin mühüm tərkib hissələrindən biri də mədəni əlaqələrdir. “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında 2025-2028-ci illər üzrə Mədəni Mübadilə Proqramı” bu sahədə qarşılıqlı etimadın və dostluğun göstəricisidir. Sənəd çərçivəsində qarşılıqlı sərgilər, festivallar, konsertlər, ədəbi görüşlər və digər mədəni tədbirlərin təşkili planlaşdırılır. Bu tədbirlər xalqlar arasında anlaşmanın və mədəni yaxınlığın dərinləşdirilməsinə xidmət edəcək. Media sahəsində də əhəmiyyətli əməkdaşlıq addımı atılmışdır. “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında media əməkdaşlığı haqqında Anlaşma Memorandumu” informasiya mübadiləsinin genişləndirilməsinə və obyektiv məlumatların yayılmasına yönəlib. Bu sənəd jurnalistlərin təcrübə mübadiləsi, ortaq layihələrin hazırlanması və medianın peşəkarlığının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan ilə İran arasında imzalanmış bu beş sənəd ikitərəfli münasibətlərin kompleks şəkildə inkişafına yönəlmişdir. Siyasi dialoqdan tutmuş nəqliyyat, dənizçilik, mədəniyyət və media sahələrinə qədər geniş bir spektri əhatə edən bu əməkdaşlıqlar, regionun sabitliyi və rifahı naminə strateji addımlardır. Gələcək illərdə bu sənədlərin icrası nəticəsində həm iki ölkə arasında münasibətlər möhkəmlənəcək, həm də regionda qarşılıqlı faydalı tərəfdaşlıq modeli formalaşacaq.
İsmayıl Nağızadə,
Yeni Azərbaycan Partiyası, məsləhətçi