
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 aprel 2026-cı il tarixində Gürcüstana reallaşdırdığı dövlət səfəri iki ölkə arasındakı strateji tərəfdaşlığın yeni mərhələsi kimi qiymətləndirilir. Bu səfər həm ikitərəfli əlaqələrin dərinləşməsi, həm də regionun iqtisadi və nəqliyyat mənzərəsinin yenidən formalaşması baxımından tarixi əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tbilisidə yüksək dövlət ehtiramı ilə qarşılanıblar. Səfər çərçivəsində dövlət başçısı Tbilisidəki Qəhrəmanlar Memorialını ziyarət edərək Gürcüstanın ərazi bütövlüyü uğrunda canından keçənlərin xatirəsini ehtiramla yad edib. Bu addım Azərbaycanın dost və qonşu ölkənin suverenliyinə verdiyi dəyişməz dəstəyin növbəti nümayişi olub.
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili və Baş nazir İrakli Kobaxidze ilə keçirilən görüşlərdə siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın mövcud vəziyyəti müzakirə olunub. Liderlər qeyd ediblər ki, Azərbaycan-Gürcüstan münasibətləri regionda sabitliyin əsas sütunudur.
“Azərbaycan və Gürcüstan arasındakı münasibətlər bütün qonşu ölkələr üçün nümunə ola bilər.” – Prezident İlham Əliyev
Səfərin gündəmində duran ən vacib məsələlər qlobal enerji təhlükəsizliyi və nəqliyyat dəhlizlərinin inkişafı olub. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun ötürücülük qabiliyyətinin artırılması, Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi kimi layihələrin genişləndirilməsi perspektivləri, Xəzər dənizindən Gürcüstan vasitəsilə Avropaya “yaşıl enerji”nin nəqli layihəsi üzrə praktiki addımlar kimi məsələlərin müzakirəsi səfərin əsasını təşkil edib.
Ərazi bütövlüyünə qarşılıqlı dəstək və regional təhlükəsizlik, Bakı-Tbilisi-Qars dəmir yolunun tam gücü ilə işləməsi və Avropanın enerji diversifikasiyasında aparıcı rolun möhkəmlənməsi səfərin əsas nəticələri kimi qiymətləndirilir.
Bu rəsmi səfər göstərdi ki, Azərbaycan və Gürcüstan sadəcə qonşu deyil, həm də Avrasiyanın yeni iqtisadi xəritəsini birgə çəkən strateji tərəfdaşlardır. İmzalanan sənədlər və əldə olunan razılaşmalar yaxın illərdə hər iki ölkənin tranzit potensialını maksimuma çatdırmağa və Cənubi Qafqazı sülh və inkişaf mərkəzinə çevirməyə xidmət edəcəkdir.
Tahirli Zaman,
Nizami rayonunun fəal gənci, Dövlət İqtisad Universitetinin tələbəsi,Prezident təqaüdçüsü



