AnalitikaGündəmSiyasət

Azərbaycan və İran arasında iqtisadi əlaqələr diqqətəlayiqdir.

2025-ci il aprelin 28-də İran İslam Respublikasının yeni prezidenti, islahatçı siyasətçi Məsud Pəzeşkianın Azərbaycan Respublikasına etdiyi rəsmi səfər, təkcə iki qonşu ölkə arasında diplomatik münasibətlərin bərpası deyil, eyni zamanda bölgədə strateji tarazlıqların dəyişməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Bu səfər, İran-Azərbaycan münasibətlərinin son illərdəki dalğalanmalarından sonra qarşılıqlı anlaşma, əməkdaşlıq və regional sabitlik istiqamətində atılan yeni addım kimi qəbul olunur.

Qeyd edək ki, İran və Azərbaycan arasında münasibətlər qədim tarixi köklərə əsaslanır. Azərbaycanın cənub vilayətləri ilə İran arasında dil, din, mədəniyyət və etnik yaxınlıq mövcuddur. Lakin bu yaxınlıq son illərdə geopolitik fərqliliklər və regional maraqlar səbəbindən müxtəlif gərginliklərlə müşayiət olunub.

2020-ci ildəki 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycanın Cənubi Qafqazda mövqeyinin güclənməsi və İsrail ilə münasibətlərinin inkişafı, Tehranda narahatlıqla qarşılanmışdı. Xüsusilə İsrailin Azərbaycanda səfirlik açması və hərbi-texniki əməkdaşlıq İran tərəfindən regionda təhlükə kimi dəyərləndirildi.

Bu fon qarşısında Pəzeşkianın səfəri iki ölkə arasında diplomatik körpülərin bərpası və əməkdaşlıq üçün real zəminin yaradılması məqsədi daşıyır. İran Prezidentinin Azərbaycandakı səfəri Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə qarşılandı. Danışıqlarda tərəflər qarşılıqlı maraq doğuran bir sıra sahələr üzrə əməkdaşlıq imkanlarını müzakirə etdilər:

Məhz, Pəzeşkian və Əliyev arasında keçirilən görüşdə Araz çayı üzərində yerləşən və birgə maliyyələşdirilən “Qız Qalası” hidroqovşağı rəsmi olaraq istifadəyə verildi. Bu layihə İran və Azərbaycanın iqtisadi əməkdaşlıq potensialını simvolizə edir və tərəflərin su ehtiyatlarının birgə idarə olunmasına verdiyi əhəmiyyəti göstərir. Danışıqların mühüm hissəsi Şimal-Cənub və planlaşdırılan Zəngəzur dəhlizlərinə həsr olundu. İran tərəfi Azərbaycanın nəqliyyat və tranzit potensialını önə çəkərək, bu xətlərin bölgə üçün strateji əhəmiyyətini vurğuladı.

Eyni zamanda iki ölkə arasında tarixən mövcud olan mədəni əlaqələrin inkişaf etdirilməsi də diqqət mərkəzində idi. Hər iki tərəf əhalilər arasında qarşılıqlı anlaşmanın artırılmasına yönəlmiş təşəbbüslərin dəstəklənəcəyini bildirdi.

Pəzeşkianın rəhbərliyi ilə İranın xarici siyasətində bir qədər yumşalma müşahidə olunur. Onun səfəri, İranın Qafqazda təcrid olunmaq istəmədiyini və Azərbaycanla münasibətləri strateji səviyyəyə qaldırmaq niyyətini ortaya qoyur.

Məsud Pəzeşkianın Azərbaycana səfəri, iki ölkə arasında uzunmüddətli sabitliyin və qarşılıqlı faydalı əməkdaşlığın əsasını qoyacaq addımlardan biri kimi tarixə düşə bilər. İran və Azərbaycan regional güclər kimi bir-birinin mövqeyini nəzərə alaraq, qarşılıqlı etimadın və iqtisadi inteqrasiyanın möhkəmləndirilməsinə yönəlmiş siyasət yürütməyə başlasalar, bu, təkcə Cənubi Qafqaz deyil, bütövlükdə region üçün sülh və inkişaf baxımından əhəmiyyətli olacaq.

Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button