AnalitikaGündəmSiyasət

Azərbaycan və Özbəkistan arasındakı tərəfdaşlığı bu gün strateji, çoxşaxəli və perspektivli kimi xarakterizə etmək olar

“Azərbaycan və Mərkəzi Asiya ölkələrini birləşdirən ortaq tarixi-mədəni irs, türk mənəvi dəyərləri və coğrafi yaxınlıq bu əməkdaşlığın təməl sütunlarıdır. Xəzər dənizi bu inteqrasiyanın mərkəzində dayanır: bir tərəfdən fiziki sərhəd kimi görünən Xəzər, digər tərəfdən ölkələrimizi birləşdirən, iqtisadi və strateji sinergiyanın əsas arteriyası kimi çıxış edən mühüm geosiyasi məkandır. Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə Azərbaycanın ardıcıl iştirakı bu birlikdə Bakının artan rolunu daha da möhkəmləndirir. Prezidentin qeyd etdiyi kimi, ikitərəfli və çoxtərəfli formatlarda son illər müşahidə olunan intensiv siyasi dialoq, qarşılıqlı səfərlərin dinamizmi, region dövlətləri ilə qurulan strateji və müttəfiqlik münasibətləri bu əməkdaşlığın dərinliyini əyani şəkildə göstərir.”

Energetika sahəsində Azərbaycan–Özbəkistan əməkdaşlığı neft-kimya, enerji sistemlərinin inteqrasiyası və bərpaolunan enerji istiqamətləri üzrə genişlənir. Üçtərəfli – Azərbaycan, Qazaxıstan və Özbəkistan – formatında yaşıl enerji üzrə imzalanmış sənədlər regionda dayanıqlı inkişaf modellərinin formalaşmasına xidmət edir. Mədəni-humanitar əməkdaşlıq isə xalqlarımızı birləşdirən ən mühüm sahələrdən biridir. Mədəniyyət günlərinin qarşılıqlı təşkili, Şuşa və Xivə kimi tarixi şəhərlərdə keçirilən tədbirlər, regionlararası qardaşlaşma layihələri xalqlar arasında birbaşa əlaqələri gücləndirir və qarşılıqlı anlaşmanı dərinləşdirir. Daşkənddə Ulu Öndərin adını daşıyan “Heydər Əliyev meydanı” və Bakıda “Özbəkistan” parkının salınması bu əlaqələrin rəmzi məna daşıyan göstəriciləridir.

İdman sahəsində birgə təşkil olunacaq 2027 U-20 Dünya Çempionatı isə Azərbaycan və Özbəkistanın qlobal səviyyədə birgə təmsilçiliyi baxımından tarixi nailiyyətdir. Azərbaycan və Özbəkistan arasında siyasi əməkdaşlıq qarşılıqlı hörmət, müdaxilə etməmək və bir-birinin suverenliyini dəstəkləmək prinsiplərinə əsaslanır. İki dövlət başçısı arasında müntəzəm görüşlər ikitərəfli qarşılıqlı əlaqələrin yüksək tempini müəyyən edərək, siyasi dialoqu strateji koordinasiya mexanizminə çevirib.

Xüsusilə Özbəkistanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi və qardaş ölkəsinin müharibədən sonrakı azad edilmiş ərazilərin bərpasında fəal iştirakı vacibdir. Xatırladaq ki, 2023-cü ilin avqust ayında Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev Özbəkistan tərəfindən Azərbaycan xalqına hədiyyə olaraq tikilmiş Füzuli şəhərində Mirzə Uluqbəy məktəbinin açılışını birgə etmişdilər. Bu addım ölkələrimizin və xalqlarımızın qardaşlıq həmrəyliyinin simvoluna çevrildi. Özbəkistan xəbər agentliyinə verdiyi müsahibədə Prezident İlham Əliyev Azərbaycanın regiondakı bütün ölkələrlə əməkdaşlığın ən yüksək səviyyədə hərtərəfli inkişafına xüsusi əhəmiyyət verdiyini vurğuladı.

Qarşılıqlı səfərlərin dinamikası öz sözünü deyir. Son üç ildə Mərkəzi Asiya dövlət başçıları Azərbaycana təxminən 30 səfər edib və Azərbaycan lideri Mərkəzi Asiya regionuna 13 dəfə səfər edib. Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında siyasi, iqtisadi, logistika və mədəni əlaqələrin əhəmiyyətli dərəcədə genişləndirilməsi üçün geniş imkanlar var. Bu, xüsusilə qlobal siyasətin əhəmiyyətli dəyişikliklərə məruz qaldığı, ənənəvi əlaqələrin dağıldığı, müharibələrin və qeyri-sabitliyin genişləndiyi bir dövrdə vacibdir və dəyərlidir.

Bədiyyə Sadıqova,
Yeni Azərbaycan Partiyasının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button