AnalitikaGündəmSiyasət

Azərbaycan və Vyetnam beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm verir

Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına uğurlu səfərindən sonra Asiyanın aparıcı ölkələrindən birinin liderinin Bakıya səfər etməsi təsadüfi deyil: “Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində bütün dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı maraqlara  əsaslanan münasibətləri mövcuddur və bu mənada Vyetnam ilə münasibətlər də xüsusi əhəmiyyətə malikdir. Sürətlə inkişaf edən, xüsusilə də, tibb, texnologiya sahəsində innovativ sıçrayışlar əldə edən Vyetnam bizdən xeyli uzaq məsafədə yerləşsə də, iqtisadi, enerji və nəqliyyat məsələlərində Azərbaycanla əməkdaşlığa üstünlük verir. Cənab Prezident İlham Əliyevin “Vietnam News Agency” agentliyinə verdiyi müsahibədə də qeyd etdi ki, Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir. Hələ 1959-cu ildəVyetnam Demokratik Respublikasının Prezidenti Xo Şi Min Azərbaycana səfər edib. 1983-cü ildə isə, o dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Heydər Əliyev Vyetnamda səfərdə olub.  Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfəri və 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanqın Azərbaycan Respublikasına rəsmi səfəri ölkələrimiz arasında münasibətlərdəki yaxınlığın göstəricisidir. Bu gün Azərbaycan ilə Vyetnam bir çox sahələrdə əməkdaşlıq potensialını daha dinamik şəkildə inkişaf etdirmək üçün bütün imkanlara malikdirlər. Ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsinin əsas perspektivli sahələrindən biri də təhsildir. Hələ sovetlər dönəmində Azərbaycan ilə Vyetnam arasında təhsil sahəsində əməkdaşlıq mövcud olub. Vaxtilə Azərbaycanın ali məktəblərində təhsil almış vyetnamlılar bu gün ölkələrində yüksək vəzifələrdə çalışırlar.  Qoşulmama Hərəkatına üzv ölkələrin vətəndaşları üçün Azərbaycanın təklif etdiyi qrantlar və təqaüdlər çərçivəsində təhsil proqramları vyetnamlı tələbələrə də geniş perspektivlər vəd edir və bunlar ikitərəfli əlaqələrimizi daha da möhkəmləndirəcək”. Prezident Əliyev bildirib ki, Azərbaycan və Vyetnam arasında iqtisadi münasibətlərin inkişafı üçün geniş potensial mövcuddur. O, xüsusilə enerji sahəsində əməkdaşlığın tarixi və önəmini vurğulayaraq, 1981-ci ildə yaradılmış Vietsovpetro birgə müəssisəsinin ilk baş direktorunun azərbaycanlı Jalal Məmmədov olduğunu xatırladıb. Eyni zamanda, 2019-cu ildə SOCAR ilə Vyetnamın Binh Son neft-kimya şirkəti arasında imzalanan əməkdaşlıq sazişi iki ölkə arasında sənaye əlaqələrinin inkişafına təkan verib. Müsahibədə qeyd olunub ki, Azərbaycan və Vyetnam arasında yalnız siyasi və iqtisadi deyil, həm də mədəni və humanitar sahədə fəal əməkdaşlıq mövcuddur. Prezident Əliyev Bakıda keçirilmiş “Əfsanə Yaradıcıları” filminin nümayişi və “Vyetnam Günləri” kimi tədbirləri yüksək qiymətləndirib.

Bundan əlavə, Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi sosial layihələr – o cümlədən Ha Giang vilayətində tikilən məktəb – iki ölkə arasında dostluq əlaqələrinin humanitar ölçüsünü gücləndirir.    Prezident İlham Əliyev Vyetnam Kommunist Partiyasının Baş katibi Tô Lâmın Azərbaycana səfərinin əhəmiyyətini xüsusi vurğulayaraq bildirib ki, bu səfər Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələnin başlanğıcı ola bilər. Dövlət başçısı bu səfərin təkcə siyasi dialoqu deyil, həm də iqtisadi, mədəni və texnoloji sahələrdə əməkdaşlığı daha da genişləndirəcəyinə inam ifadə edib.  Prezident İlham Əliyevin “Vietnam News Agency”yə verdiyi müsahibə Azərbaycan ilə Vyetnam arasında münasibətlərin dərinləşdirilməsi və genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Tarixi təməllər üzərində qurulmuş bu əlaqələr, qarşılıqlı hörmət və ortaq maraqlar çərçivəsində yeni əməkdaşlıq imkanlarını gündəmə gətirir. Bu müsahibə eyni zamanda Azərbaycanın Asiya ölkələri ilə münasibətlərə verdiyi önəmi bir daha təsdiqləyir. Azərbaycan və Veytnamın beynəlxalq hüququn aliliyi mövzusunda heç bir fikir ayrılığı yoxdur. Hər iki ölkə o qənaətdədir ki, bütün məsələlər ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı əsasında – beynəlxalq hüquq çərçivəsində öz həllini tapmalıdır. Bütün mübahisəli məsələlər danışıqlar yolu ilə, sülh yolu ilə həll olunmalıdır.

Bədiyyə Sadıqova,
Yeni Azərbaycan Partiyası , məsləhətçi

Oxşar Xəbərlər

Back to top button