Azərbaycan xalqı da öz liderini sevib və yaddaşlarda layiqli şəkildə bu günə kimi qoruyub saxlamışdır
1990-cı illərin əvvəllərinin ən səciyyəvi xüsusiyyəti aşkarlığın olmaması və siyasi institutların bütünlükdə çökməsi idi. Aşkarlığın olmamasının qanunverici hakimiyyətdə görünməsi isə ümumiyyətlə daxili siyasi böhranın ən böyük göstəricisidir. 1992-ci ildə hakimiyyəti zorla qəsb etmiş AXC-Müsavat cütlüyü nümunəsində bunu görmək mümkündür. Məhz bu hakimiyyətin dövründə hökumət elə bir ənənə yaratmışdı ki, hakimiyyətin qolları arasında uçurum formalaşmışdı. Ölkə parlamenti faktiki olaraq dövlətin nəzarətindən çıxmış, orada təmsil olunan təsadüfi adamların əyləncə məkanına çevrilmişdi. Təsəvvür edin ki, parlament iclaslarında müzakirə olunan məsələlər haqqında ictimaiyyətə məlumat vermək məsuliyyətini üzərindən atır. Ölkədəki çətin siyasi vəziyyət xalqa ya çatdırılmır, ya da təhrif olunmuş formada çatdırılırdı. 1993-cü ilin 15 iyununda Ümummilli Liderin Ali Sovetin rəhbəri kimi qayıtması, daha sonra isə 24 iyunda Milli Məclisin prezident səlahiyyətlərinin icrasını Heydər Əliyevə verilməsi haqqında qərar qəbul etməsi qısa zamanda vəziyyəti kökündən dəyişdirdi. Ümumiyyətlə, Heydər Əliyevin parlamentə rəhbərlik etdiyi dövrü parlamentarizm etikasının formalaşdığı dövr kimi qiymətləndirmək olar. Məhz həmin dövrdən başlayaraq parlament iclasları etik normalara, reqlamentlərə uyğun, ictimaiyyətə açıq şəkildə keçirilməyə başladı. Heç kim deyə bilməz ki, o vaxta qədər parlament iclası birbaşa yayımla televiziyaya verilmişdi. Fikir plüralizmi üçün şərait yaradılması həm də demokratik ənənələrin bərpası demək idi. 24 iyundan Ulu Öndərin prezident səlahiyyətlərini icra etməsi ona siyasi hakimiyyətə tam rəhbərlik etmək imkanını verdi. Böyük idarəçilik təcrübəsi və möhkəm iradəsi nəticəsində o hər növ başıpozuqluğu aradan qaldırdı. Ölkədəki real vəziyyəti xalqdan gizlətmədi. Xalq da bunu görürdü və bu çətin dövrdən xilas olmaq üçün onu dəstəklədi və oktyabrda keçiriləcək seçkidə ölkənin prezidenti seçdi və bununla siyasi tariximizin qızıl dövrü başladı. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin tarixdə çox önəmli uğurları və nailiyyətləri olmuşdur. Heç şübhəsiz ki, Ulu Öndərin ən böyük uğurlarından biri məhz ölkəmizin ən çətin dövrlərində xalqı bəladan qurtarması, xaosun və parçalanmanın qarşısını almasıdır. Azərbaycan xalqı da öz liderini sevib və yaddaşlarda layiqli şəkildə bu günə kimi qoruyub saxlamışdır. Tarixə nəzər salsaq xalqımızın Heydər Əliyev şəxsiyyətinin olan sevgisinə səbəb ola biləcək bir çox misallar çəkmək, mühüm hadisələri xatırlatmaq olar. 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığı üçün, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürürdü. Vəziyyətin günü-gündən daha gərginləşməsi ilə ölkənin o dövrdəki rəhbərliyi də Dahi siyasətçini Bakıya dəvət etməyə məcbur oldu. 1993-cü ilin 15 iyun tarixində Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Ulu Öndər Heydər Əliyev Ali Sovetin sədri seçildiyi ilk gündən etibarən ənənələrinə sadiq qalaraq idarəçilikdə aşkarlıq prinsipinə üstünlük verdi. Milli Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verilməyə başlanıldı. Beləcə ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı. İctimai-siyasi həyatdakı gərginliyin aradan qaldırılması üçün lazımi tədbirlər görülməyə başlandı. Qısacası parlamentarizm ənənələri qorunub yaşadıldı.Parlamentin 24 iyun tarixli iclasında Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əlirza oğlu Əliyevə verilməsi barədə qərar qəbul etdi. Bu isə bütün hadisələrin dövlətin nəzarəti altına götürülməsi, xalqın iradəsinə tabe edilməsi demək idi. Ulu Öndərin həmçinin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrlərdə parlamentarizm ənənələri yeni nəfəs, yeni qüvvə aldı. Ordu quruculuğu sahəsində mühüm qərarlar qəbul edildi. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Konstitusiyada, eləcə də müxtəlif hüquqi sənədlərdə zamanın tələblərinə uyğun dəyişikliklər edildi. Bütün bunlar Ulu Öndərin hakimiyyətə qayıdışından sonra baş verən mühüm proseslərin ancaq bir hissəsidir deyə bilərik. Unudulmaz liderimiz haqqında bunu fəxrlə deyə bilərik ki, milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən haldır. Dahi Lider bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etdi. O, idarəetmənin ustadı və siyasətin kamil bilicisi idi. Heydər Əliyev məktəbi, onun misilsiz irsi və həyatı haqqında danışanda Ulu Öndərin dünya tarixində nadir və fenomenal liderlərdən biri olduğunu bu günki gənclərimizə aşılamış oluruq. Heydər Əliyevin təkcə Ali Sovetin sədri kimi 1993-cü il 24 iyunda Prezident səlahiyyətlərinin icra etməyə başlaması belə ayrıca bir tarix idi!
Əyyub Əliyev,
YAP-ın gənc fəalı