
1918–1920-ci illər Birinci Dünya müharibəsindən sonra Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər 1917-ci ildə baş vermiş fevral və oktyabr inqilablarından sonra öz istəklərinə nail olmağa cəhd edirlər. Bakı Soveti əks-inqilabi elementlərlə mübarizə şüarı altında 1918-ci ilin əvvəllərindən başlayaraq bütün Bakı quberniyasında yaşayan azərbaycanlıların çıxarılması məqsədlərini güdən cinayətkar planın, reallaşdırılmasına başlayır. 1918-ci ilin mart-aprel aylarında isə hadisələr zirvə nöqtəsinə çatır. Milli mənsubiyyətinə görə minlərlə dinc azərbaycanlı məhv edilib. Ermənilər evləri yandırır, insanları diri-diri oda atırdılar. Onlar tərəfindən milli memarliq abidələri, məktəblər, xəstəxanalar, məscidlər və digər tikililər dağıdılır. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində həyata keçirilir. Bu torpaqlarda kütləvi qaydada dinc əhali qırılmış, kəndlər yandırılmış, milli mədəniyyət abidələri məhv edilmişdir.
1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşdur. Təkcə Bakıda 10 minə yaxın azərbaycanlı öldürülüb, Şamaxıda 58 kənd dağıdılmış 7 min nəfər məhv edilmişdir. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə yeksan olunmuş, qətliam həyata keçirilmişdir. İrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərinin birində göstərilirdi ki, azərbaycanlıların bu tarixi şəhərində və onun ətrafında qısa zaman ərzində 88 kənd dağıdılmış, 1.920 ev yandırılmış, 131 min 970 nəfər isə öldürülmüşdür.
Mahiyyətcə milli soyqırımı olan “Mart döyüşləri” Bakı Sovetinə qısa müddət ərzində vəziyyətə nəzarət etmək imkanı versə də, əhali arasında sovetlərə qarşı kin-küdurəti daha da artırdı, Azərbaycanda sovetləşmə ideyasına zərbə vurdu.
Bolşeviklərin böyük dövlətçilik siyasətinin labüd nəticəsi olan soyqırım Azərbaycanda milli istiqlala qarşı açıq-aydın sui-qəsd idi. Kütləvi soyqırım istiqlalın aparıcı qüvvəsi olan “Müsavat”ın milli dövlətçilik siyasət ideyalarına güclü təsir göstərdi, onu Rusiya İmperiyasını demokratik-federativ respublikaya çevirmək, burada millətlərə muxtariyyət hüququ vermək ideyasından imtina etməyə, bundan sonra tam dövlət müstəqilliyi xəttini əsas götürməyə, “Müstəqil Azərbaycan” ideyasını irəli sürməyə məcbur etdi.
Mart soyqırımından bir il sonra ermənilər bu hadisələri bolşeviklərlə müsəlmanlar arasında cərəyan edən hakimiyyət mübarizəsi kimi mətbuatda yaydılar. 1919-cu ilin yayında ABŞ tərəfindən Bakıya göndərilən general Harborda təqdim edilən sənəddə erməni yepiskopu Baqrat ermənilərin mart hadisələrində iştirakını inkar edir. Baqrat Bakıda hadisələr zamanı öldürülən 1000 nəfərdən 300-nün erməni və rus, 700-nün müsəlman olduğunu iddia edirdi. Bu soyqırım təkcə Bakıyla əhatəli deyildi. Aprel ayının ilk ongünlüyündən etibarən Bakıda törədilən bu qətliamlar eynilə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə də edildi.
Ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanından sonra hər il 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd edilir.
Aytən Həsənova,
Maştağa qəsəbəsi, 209 nömrəli tam orta məktəbin tarix müəllimi