
Aprelin 9-da ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda bir daha bu reallıqlara diqqət yönəldildi. Artıq ənənəvi olaraq keçirilən bu forumların mövzularına diqqət yetirsək dövrün çağırışlarını özündə ehtiva etdiyini aydın şəkildə görərik. Azərbaycanın balanslaşdırılmış xarici siyasəti müxtəlif dövlətlərlə istər ikirərəfli, istərsə də beynəlxalq təşkilatlar daxilində əlaqələrin yüksək səviyyədə qurulımasını və yeni istiqamətlər üzrə inkişaf etdirilməsini şərtləndirir. Prezident İlham Əliyevin forumlardakı çıxışları Azərbaycan reallıqlarının, həmçinin regionda və dünyada baş verən dəyişikliklərin, ədalətə, beynəlxalq hüquqa, əməkdaşlığa çağırışların təqdimatında əhəmiyyətli rol oynayır. ADA Universitetində keçirilən forumun mövzusundan da göründüyü kimi, hazırkı dövrün əsas müzakirə mövzusu yeni dünya nizamının formalaşdırılması, ədalət və beynəlxalq hüquq məfhumlarının mövcudluğunu təsdiqləməklə yanaşı, onların fonunda qarşılıqlı etimad mühitinin qorunmasıdır.
Ötən il ölkəmizin ev sahibliyi etdiyi, tarixə Bakı nailiyyəti kimi yazılan COP29 iqlim konfransı da Azərbaycanın sabitləşdirici, birləşdirici aktor roluna bir daha işıq saldı. Azərbaycan belə bir mötəbər tədbirə ev sahibliyi ilə zəngin təcrübəyə malik olduğunu nümayiş etdirdi. Reallıq budur ki, ölkəmiz dünyanın 120 ölkəsini sıralarında birləşdirən Qoşulmama Hərəkatına dörd illik rəhbərliyi ilə zəngin təcrübə qazandı. Ölkəmizə beynəlxalq dəstəyin, baxışın yüksək səviyyədə olması üzv dövlətlərin Azərbaycanın quruma sədrlik dövrünün bir il uzadılması ilə bağlı yekdil qərarında özünün aydın ifadəsini tapdı. Azərbaycana etimadın, inamın belə yüksək səviyyədə olması uğurlu və gələcəyə hesablanmış siyasətin nəticəsidir. Dövlətimizin başçısının çağırışlarında qarşılıqlı etimad mühitinin qorunmasının prioritetliyi xüsusi qeyd olunur. Sözügedən Forumdakı çıxışında “Biz Qoşulmama Hərəkatına dörd il sədrlik etdik və bütün üzv dövlətlərə minnətdarıq. Bir yaxşı hekayətə imza atdıq” söyləyən dövlət başçısı İlham Əliyev onu da bildirdi ki, Hərəkatda müəyyən zəifləmə olduğu zaman Azərbaycan ona yeni dinamika gətirdi, parlament platforması yaradıldı. Parlament platforması uğurla fəaliyyət göstərir. Həmçinin gənclər platforması təsis edildi. Azərbaycan, eyni zamanda, Qoşulmama Hərəkatının təsisat baxımından inkişafına diqqət yetirir və onun çox nüfuzlu beynəlxalq təşkilata çevrilməsinə çalışır.
Nəbi Hacıyev,
YAP Sabunçu rayon təşkilatının məsləhətçisi