
Hər bir xalqın tarixində onun milli kimliyini, dövlətçiliyini və müstəqilliyini təsdiq edən mühüm hadisələr mövcuddur. Azərbaycan xalqı üçün belə əlamətdar günlərdən biri də 20 Sentyabr – Dövlət Suverenliyi Günüdür. Bu gün, Azərbaycanın suveren dövlət kimi tarix səhnəsinə çıxmasının əsasını qoyan hüquqi və siyasi qərarların qəbul olunduğu tarixi əks etdirir.
1990-cı illərin əvvəlləri dünya tarixində böyük dəyişikliklərin baş verdiyi dövrdür. Sovet İttifaqının dağılması ilə bir çox respublikalar öz müstəqilliklərini bərpa etdilər. Azərbaycanda da həmin dövrdə xalq azadlıq və müstəqillik ideyaları uğrunda ciddi mübarizə aparırdı.
Bu mübarizənin nəticəsi olaraq, 1991-ci il 30 avqustda Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyini Bərpa Etmək Haqqında” Bəyannamə qəbul etdi. Ardınca isə 18 oktyabr 1991-ci ildə “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” təsdiqləndi.
Lakin bu hadisələrin ilkin hüquqi təməli 1990-cı ilin 20 sentyabrında qoyulmuşdur. Məhz həmin gün Azərbaycan SSR Ali Soveti tərəfindən “Azərbaycan Respublikasının Dövlət Suverenliyi haqqında” Konstitusiya Qanunu qəbul edildi. Bu sənəd, Azərbaycanın suveren hüquqlara malik olduğunu təsdiq edən ilk rəsmi sənəd idi.
1990-cı il 20 sentyabrda qəbul edilən bu qanun, Azərbaycan xalqının öz müqəddəratını təyin etmə hüququnu tanıyır və Azərbaycanın SSRİ tərkibində olsa da, suveren dövlət olduğunu bəyan edirdi.
Qanuna əsasən, Azərbaycanın ərazisi bölünməz və toxunulmaz elan edildi, milli sərvətlərin xalqın mülkiyyəti olduğu təsbit edildi, dövlət hakimiyyətinin yalnız Azərbaycan xalqına məxsus olduğu bildirildi.
Qanun, həmçinin Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsini və milli atributların – bayraq, gerb və himnin təsis olunması zərurətini ortaya qoydu. Bu sənəd, gələcəkdə Azərbaycanın tam müstəqilliyə aparan yolun əsasını təşkil etdi və müstəqillik aktlarının qəbuluna zəmin yaratdı.
Dövlət Suverenliyi Günü bu gün Azərbaycan cəmiyyətində milli birlik, azadlıq və dövlətçilik dəyərlərinin təbliğ olunduğu, xalqın keçmişinə hörmətlə yanaşdığı, gələcək nəsillərə vətənpərvərlik ruhunun aşılandığı mühüm bir gündür.
Bu gün həm də Azərbaycan dövlətçiliyinin təməl prinsiplərini və hüquqi əsaslarını xatırlamaq üçün bir fürsətdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü ildə imzaladığı sərəncamla 20 Sentyabr – Dövlət Suverenliyi Günü kimi qeyd olunması rəsmiləşdirildi.
Bu qərar həm də dövlətçilik tariximizə verilən yüksək qiymətin göstəricisidir. 20 Sentyabr – Dövlət Suverenliyi Günü yalnız bir tarixi hadisənin qeyd olunması deyil, həm də Azərbaycan xalqının əsrlər boyu apardığı mübarizənin, azadlıq və müstəqillik uğrunda göstərdiyi fədakarlığın simvoludur.
Bu gün biz bir daha anlayırıq ki, suverenlik sadəcə hüquqi anlayış deyil – bu, xalqın öz iradəsinə sahib çıxması, öz dövlətinə sahib çıxması deməkdir. Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir və bu dəyərləri qorumaq hər bir vətəndaşın müqəddəs borcudur.
Sevinc Qəhrəmanova,
Yeni Azərbaycan Partiyası, Məsləhətçi