Müasir dünyanın ən miqyaslı və mötəbər beynəlxalq tədbirlərindən olan COP29-un Bakıda keçirilməsi beynəlxalq birliyin ölkəmizə verdiyi önəm və Azərbaycanın bir dövlət olaraq siyasi nüfuzunun göstəricisidir. Bakının möhtəşəm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi çox sevindirici haldır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası əsasında keçirilən COP-un əsas məqsədi dünyanın diqqətini ekoloji problemlərə yönəltməkdir. COP hər il növbə ilə Afrika, Latın Amerikası, Asiya, Okeaniya və Avropanın bir ölkəsində təşkil edilir.
Bu gün planetimizdə ətraf mühitin vəziyyəti, ekoloji tarazlığın pozulması bütün bəşəriyyəti ciddi şəkildə düşündürür, haqlı narahatlıqlara səbəb olur. Çıxış yolu isə ilk növbədə mövcud ekoloji vəziyyəti dərindən öyrənmək, bütün təsirləri düzgün qiymətləndirmək və ən əsası da çoxtərəfli beynəlxalq əməkdaşlığa dəyər verməkdir. COP29-un əsas nailiyyətlərindən biri, iqlim diplomatiyasında əhəmiyyətli addım olaraq, inkişaf etməkdə olan ölkələrə 2035-ci ilə qədər 1,3 trilyon ABŞ dolları məbləğində maliyyənin təmin edilməsinin yeni qlobal hədəf kimi müəyyənləşdirilməsi oldu. Bu təşəbbüs, iqlim dəyişikliyinin təsirlərini azaltmaq və uyğunlaşmanı dəstəkləmək üçün qlobal səylərin gücləndirilməsini ifadə edir.
COP29 çərçivəsində Azərbaycan özünün güclü külək, günəş və su enerjisi potensialını beynəlxalq arenada tanıtma fürsəti əldə etdi. Bu, dövlətimizin xarici investorları cəlb etməsi və bərpa olunan enerji sektorunda əməkdaşlıq üçün yeni imkanlar yaratmasına yardımçı olacaq.Eyni zamanda, Azərbaycan xüsusilə Üzvi Tullantılardan Metanın Azaldılması üzrə COP29 Bəyannaməsinin qəbul edilməsi vasitəsilə metan emissiyalarının azaldılmasının təşviqində aparıcı rol oynamışdır. Bu təşəbbüs 2030-cu ilə qədər metan emissiyalarını 30% azaltmağı hədəfləyən Qlobal Metan Vədi ilə uyğun gəlir.
Beləliklə, ölkəmiz COP29 çərçivəsində qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzində oldu.Həmçinin konfrans təkcə qabaqcıl texniki həllər deyil, həm də iqlim böhranının həllində ortaq məsuliyyətin vacibliyini ön plana çəkdi.
Elmir Rzayev,
YAP Şuşa rayon təşkilatının əməkdaşı