
Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışı ölkəmizin qlobal enerji təhlükəsizliyinin təmin olunmasındakı əvəzolunmaz rolunu bir daha təsdiqlədi. Dövlət başçısı qeyd etmişdir ki, bu ildən etibarən Azərbaycan Almaniya və Avstriyaya da qaz ixracına başlamışdır. Bu addım, qlobal və xüsusilə də Avropa qaz bazarında Azərbaycanın mövqeyini genişləndirməyə yönəlmiş ümumi strategiyanın vacib bir tərkib hissəsidir. Hazırda Azərbaycan boru kəmərləri vasitəsilə 16 ölkəyə qaz tədarük edir və boru kəməri ilə qaz ixracının coğrafi əhatəsinə görə dünyada birinci yerdə qərarlaşıb. Rusiya–Ukrayna müharibəsi başlayandan sonra Avropa Komissiyasının rəsmi müraciəti əsasında Azərbaycan hasilatı artıraraq Avropa İttifaqına qaz tədarükünü 65 faizə qədər çoxaltmışdır.
Bununla yanaşı, Azərbaycanın ənənəvi enerji resursları ilə kifayətlənməyərək yaşıl enerji sektorunda da böyük sıçrayış etdiyi vurğulanır. Bərpaolunan enerji mənbələri üzrə irimiqyaslı işlər həyata keçirilir və 2032-ci ilədək 8 giqavat generasiya gücünə çatmaq hədəflənir. Bu potensial elektrik enerjisinin istehsalında istifadə olunan bir neçə milyard kubmetr qaza qənaət etməyə imkan verəcək ki, həmin qaz həcmləri də beynəlxalq istehlakçılar üçün əlçatan olacaqdır. Təkcə azad edilmiş Qarabağda artıq ümumi gücü 340 meqavat olan su elektrik stansiyaları istifadəyə verilmişdir və yaxın bir il ərzində eyni gücdə Günəş elektrik stansiyalarının inşası yekunlaşacaq.
Bu inkişaf fonunda Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlıq daha da dərinləşir. Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin və digər rəsmilərin Azərbaycana səfərləri bu münasibətlərin yüksək səviyyəsini göstərir. Lakin hasilatı və boru kəmərlərinin ötürmə qabiliyyətini daha da artırmaq üçün irihəcmli investisiyalar tələb olunur və Azərbaycan haqlı olaraq Avropadan uzunmüddətli müqavilələrə təminat istəyir. Eyni zamanda, bu il COP29-a ev sahibliyi edəcək ölkəmiz qlobal iqlim məsələlərində vasitəçilik rolunu oynayaraq, ziddiyyətli mövqeləri yaxınlaşdırmaq və həmrəylik nümayiş etdirmək üçün bütün imkanlarını səfərbər edir.
Aytən İsmayılova,
YAP Nizami rayon təşkilatının fəalı



