Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə münasibətlərin inkişaf etdirilməsi mühüm yer tutur
Müasir müstəqil Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatmaq üçün gələcəyə hesablanmış uğurlu daxili və xarici siyasət həyata keçirir. Bütün dövlətlər və xalqlarla sülh, dostluq şəraitində yaşamaq niyyətini dəfələrlə bəyan edən ölkəmiz ən mötəbər beynəlxalq təşkilatlarda təmsil olunaraq qarşılıqlı əlaqələrin genişləndirilməsi və bu münasibətlərin çoxşaxəli əməkdaşlığa çevrilməsi istiqamətində fəal iş aparır, dünyada və regionda sülhün, təhlükəsizliyin qorunmasına və möhkəmlənməsinə layiqli töhfələr verir. Son illərdə Azərbaycanın qarşılıqlı münasibətləri daha da dərinləşdirdiyi dövlətlərdən biri Özbəkistandır. Respublikamızın bu ölkə ilə əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli platformalarda, o cümlədən də Türk Dövlətləri Təşkilatında intensiv şəkildə inkişaf edir. İki ölkəni tarixdən gələn bir sıra bağlılıqlar, dövlətlərin siyasi iradəsi və cəmiyyətlərin istəyi birləşdirir. Deyə bilərik ki, Azərbaycanın və Özbəkistanın siyasi dialoqu, iqtisadi və humanitar sahələrdə əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmalarının qarşısında hansısa bir maneə yoxdur. Təmasların möhkəmlənməsində liderlərin və digər yüksəksəviyyəli rəsmilərin mütəmadi hal alan qarşılıqlı səfərləri mühüm rol oynayır.
Azərbaycanla Özbəkistanın dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq, qardaşlıq münasibətləri daha da inkişaf etdirilib və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatıb. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub. Prezident İslam Kərimovun 1996-cı ildə Azərbaycana və Ümummilli Lider Heydər Əliyevin isə 1997-ci ildə Özbəkistana səfərləri zamanı ölkələrimiz arasında münasibətlərin strateji istiqamətləri müəyyən edilib. Belə ki, Prezident İslam Kərimovun 1996-cı il mayın 26-27-də Azərbaycana ilk rəsmi səfəri zamanı iki ölkə arasında 18 sazişdən ibarət xüsusi sənədlər paketi, o cümlədən “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə” imzalanıb.Özbəkistan Prezidentinin işğaldan azad edilən ərazilərə planlaşdırılan səfəri qardaş ölkənin Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq işlərinə töhfə və dəstəyinin daha bir göstəricisi olacaq. Belə ki, səfər zamanı Füzulidə Özbəkistan tərəfindən inşa olunmuş 960 şagird yerlik məktəb binasının, eləcə də yeni tikilmiş bir sıra obyektlərin açılışları və yeni layihələrlə tanışlıq nəzərdə tutulur. Ölkələrimiz arasında gündən-günə inkişaf edən əlaqələr iqtisadi əməkdaşlığı daha da dərinləşdirir, münasibətlərin daha yüksək səviyyəyə çatdırılmasına əlverişli şərait yaradır. Siyasi, iqtisadi, elmi-texniki, humanitar, mədəni və digər sahələr üzrə inkişaf edən ikitərəfli əməkdaşlıq bu gün qarşılıqlı fəaliyyət, strateji tərəfdaşlıq fonunda özünün inkişaf dövrünü yaşayır.
Elza Məmmədova,
Nizami rayon 109 saylı məktəbin müəllimi



