
Türk dünyasını böyük ailə kimi dəyərləndirən dövlət başçısı İlham Əliyevin bu birliyin, həmrəyliyin möhkəmləndirilməsinə verdiyi töhfələr davamlılığı ilə diqqətdədir. Prezident İlham Əliyev sözügedən forumdakı çıxışında da vurğuladı ki, Azərbaycan türkdilli aləmə, türk dünyasına aid olan dövlətlər arasında əməkdaşlığa hər zaman öz dəstəyini verib. Bizi tarix, etnik köklər birləşdirir. Dillərimiz arasında oxşarlıqlar var, mədəniyyətlərimiz, adət-ənənələrimiz kifayət qədər oxşardır. İstərdik ki, Türk Dövlətləri Təşkilatı daha güclü olsun və nəticələrə köklənsin. Bu baxımdan Azərbaycan hər zaman əlindən gələni edib. O ki qaldı, üzv dövlətlər arasında qarşılıqlı əlaqələrə, bizim aramızda çox yaxşı mühit var. Dünya türk dövlətlərinin birliyini, həmrəyliyini hazırda işğaldan azad edilmiş ərazilərimizin bərpasında görür. Azərbaycan, həmçinin Qlobal Cənub ilə Qlobal Şimal arasında ünsiyyətin qurulmasına nail oldu. Bu da qarşıya qoyulan vəzifələrin icrası idi. Dövlət başçısı İlham Əliyevin Forumdakı çıxışında qeyd etdiyi kimi, COVID-i idarə etmək, COP-a ev sahibliyi etmək, bütün bunlar onu göstərir ki, gündəliyimiz aydındır. Azərbaycan səylərimizə olan müsbət reaksiyanı bir çox Afrika dövlətlərindən də gördü. Bu fakt da xüsusi vurğulandı ki, COVID zamanı Azərbaycan 80-dən artıq ölkəyə maliyyə və humanitar yardım çatdırdı. O ölkələrin əksəriyyəti Afrika qitəsində yerləşən ölkələr idi.
Prezident İlham Əliyev forumda çıxışı zamanı Avropa Komissiyasının Azərbaycana münasibətinə də diqqəti yönəltdi. Bildirdi ki, bu gün Avropa Komissiyasında çəhrayı eynəkləri çıxarmalıdırlar, dünyaya real gözlə baxmalıdırlar, Azərbaycan kimi dövlətlərə dəyər verməlidirlər. Cənubi Qafqazı özlərinin sevimli və ya qeyri-sevimli dövlətlərinə bölməli deyillər. Azərbaycanın Cənubi Qafqazın aparıcı ölkəsi, Qlobal Cənubun bir hissəsi olduğunu önə çəkən dövlətimizin başçısı bildirdi ki, ölkəmizin Qoşulmama Hərəkatında güclü mövqeyi, Mərkəzi Asiya ilə yaxşı əlaqələri var. Azərbaycan iqtisadi baxımdan güclü, enerji resurslarına, ordusunun döyüş meydanında sübuta yetirilmiş gücə malik olan ölkədir. Buna görə biz Birləşmiş Ştatlar üçün çox mühüm tərəfdaş ola bilərik.
Yeni dünya nizamının formalaşdırılması ədalətə, beynəlxalq hüquqa çağırışlar edir. Bu prinsiplərin qorunduğu, öndə saxlanıldığı dünyada sülhün, təhlükəsizliyin bərqərar olması qaçılmazdır. Təəssüflər olsun ki, əksər dünya gücləri ikili standardlara əsaslanan siyasətlərindən yaxa qurtara bilmir, maraqlar ədaləti üstələyir.
Mikayıl Məmmədov,
Maştağa bələdiyyəsinin sədri