
Azərbaycan və İran prezidentlərinin Bakıda baş tutan görüşü son illərin ən önəmli diplomatik hadisələrindən biri kimi qiymətləndirilə bilər. Xüsusilə Azərbaycan səfirliyinə qarşı törədilən terror aktından sonra bu görüş iki ölkə arasında siyasi səviyyədə ilk yüksək formatlı təmasdır. Bu, təkcə diplomatik bir tədbir deyil, eyni zamanda münasibətlərin gələcək inkişaf trayektoriyasını müəyyən edəcək mühüm siyasi hadisədir Bu səfərin Bakının məşhur güclü küləyinin saniyədə 48 metr sürətlə əsdiyi bir gündə gerçəkləşməsi simvolik məna daşıyır. Belə bir ab-hava iki ölkə arasındakı münasibətlərin yeni və sürətli mərhələyə keçidini təmsil edə bilər.
İran nümayəndə heyətinin geniş tərkibdə Bakıya gəlməsi, Tehranın Azərbaycanla əlaqələrə yeni bir səhifə açmaq istəyində olduğunu göstərir. Bu yanaşma təsadüfi deyil və hazırkı mərhələdə İran üçün bir neçə vacib səbəblə izah olunur. Birinci və əsas səbəb – İran ətrafında formalaşan və getdikcə daha da dərinləşən geosiyasi gərginlikdir. ABŞ və Qərblə diplomatik danışıqların çıxılmaz vəziyyətə düşməsi İranı yeni regional tərəfdaşlar axtarmağa vadar edir. Bu kontekstdə şimal sərhədində sabit və etibarlı qonşuluq münasibətlərinə malik olmaq Tehran üçün həyati əhəmiyyət daşıyır. Bundan əlavə, Azərbaycan İranın strateji tərəfdaşlıq əlaqələri qurduğu Rusiya ilə münasibətlərində körpü rolunu oynayır. Məsələ təkcə coğrafi deyil – Azərbaycan həm də nəqliyyat və enerji dəhlizlərinin mühüm halqasıdır. Digər mühüm amil İranın dərinləşən iqtisadi böhranıdır. Son aylarda milli valyutanın – rialın – ciddi şəkildə dəyər itirməsi daxili sosial-iqtisadi narazılıqları artırıb. Belə bir vəziyyətdə İran üçün iqtisadi əməkdaşlıqlar və sərhədyanı sabitlik daha da ön plana çıxır. Azərbaycanla sıx əməkdaşlıq, eyni zamanda, İranda yaşayan azərbaycanlıların dəstəyini qazanmaq baxımından da Tehran üçün strateji məna daşıyır. Bundan əlavə, İran beynəlxalq aləmdə təcrid olunmaq təhlükəsinə qarşı region daxilində yeni diplomatik yollar axtarır. Bu kontekstdə Azərbaycanla münasibətləri bərpa və inkişaf etdirməklə yanaşı, Tehranın dolayısı ilə İsraillə qeyri-rəsmi və dolayı kontaktlar qurmaq cəhdi də gündəmdə ola bilər. Belə bir diplomatik kanalın açılması iki ölkə münasibətlərinin yeni mərhələsində aktual mövzulardan biri ola bilər.
İki ölkə arasında keçiriləcək görüş zamanı əsas diqqətin nəqliyyat və enerji sahəsində əməkdaşlığa yönələcəyi gözlənilir. İran üçün elektrik enerjisi məsələsi xüsusi aktuallıq kəsb edir. Yay aylarında ölkənin daxili tələbatı artdığı halda, mövcud istehsal imkanları çatışmır. Bu baxımdan, Azərbaycanın enerji ixrac potensialı Tehranın marağına səbəb olur. Yaxın gələcəkdə elektrik və qaz mübadiləsinə dair konkret addımların atılması istisna edilmir. Bütün bu faktlar göstərir ki, İranın hazırkı geosiyasi və iqtisadi reallıqları Azərbaycanla münasibətlərin yenidən qurulmasını yalnız məqsədəuyğun deyil, həm də qaçılmaz edir.
Günel Əbdürəhmanova,
Yeni Azərbaycan Partiyası, məsləhətçi