“Bamsı Beyrək”dən “Koroğlu”ya qədər – Türk dünyasının bölünməz dastan zənciri

“Kitabi-Dədə Qorqud”, “Alpamış” və “Koroğlu” kimi möhtəşəm eposlar ortaq türk epik ənənəsinin müxtəlif coğrafiyalarda yaranmış, lakin eyni dünyagörüşü və mənəvi kodları daşıyan parlaq nümunələridir. “Alpamış” dastanı özbək, qazax, qaraqalpaq, tacik, başqırd, tatar və s. arasında geniş yayılmış qəhrəmanlıq dastanı və nağılıdır. “Alpamış” dastanının əsasən dörd variantı vardır: Kunqrat (özbək, qaraqalpaq, qazax), Oğuz (“Bamsı Beyrək”), Altay (“Alıp-Manaş” ), qıpçaq (başqırd, qazax, tatar variantları) daxildir. Variantlar arasındakı mövcud fərq dastanın yaranma, formalaşma vaxtı və yeri ilə bağlıdır.
Bunu İnfososium.az-a açıqlamasında Bakı Dövlət Universitetinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti, filologiya elmləri namizədi Məhəmməd Məmmədov bildirib.
Onun sözlərinə görə, Oğuz variantı “Bamsı Beyrək”də türk tarixinin əski çağları ilə səsləşən motivlər onu “Alpamış”ın qalan variantlarından fərqləndirir. “Qam Börənin oğlı Bamsı Beyrək boyu” ilə “Alpamış” eposu arasında süjet oxşarlığı mübahisəsizdir. Hər iki abidədə hətta qəhrəmanların taleyi də bir-birinə bənzəyir. Onun sözlərinə görə, “Kitabi-Dədə Qorqud”un “Baybörənin oğlu Bamsı Beyrək” boyu ilə “Alpamış” dastanı arasında bir sıra mühüm bənzərliklər mövcuddur. Hər iki eposda “Ər arvadının toyunda” və ya “Nişanlının öz nişanlısının toyunda” motivi əsas süjet xəttinə çevrilir: Həm “Alpamış”da, həm də “Bamsı Beyrək” boyunda qəhrəmanlar möcüzəli şəkildə, dua və uzun övlad həsrətindən sonra dünyaya gəlir, göbəkkəsmə nişanlısı ilə evlənmək üçün ağır sınaqlardan keçir, xəyanət nəticəsində əsir düşürlər. Alpamış yeddi il, Bamsı Beyrək isə on altı il zindanda qalır, bu müddət ərzində onlar “ölü” sayılır, bu yanlış xəbər sevdiklərinə dərin kədər yaşadır. Hər iki dastanda həm Banıçiçək, həm də Barçın ərə verilmə xəbərini qəhrəmanlara çatdırır, qəhrəman düşmən qızının köməyi ilə zindandan qurtulur, sadiq, “tülpar” xarakterli atlarının belində vətənə dönür, cilddəyişmə motivi fonunda öz yurduna tanınmaz halda qayıdır; əvvəlcə bacısı, çobanlar, yaxud yaxın adamları onları tanımasa da, müəyyən işarələr – Alpamışın çiyinlərindəki “Şahı Mərdanın beş barmaq nişanı” kimi detallar həqiqəti üzə çıxarır. Bamsı Beyrək də, Alpamış da öz sevdiklərinin toyuna tanınmaz halda gəlir, oxatma yarışında iştirak edir, sevgililərinə eyhamla öz gəlişlərini bildirir və sonda aşiq ilə məşuqənin qovuşması ilə süjet tamamlanır. Nəhayət həm əsirlikdən, həm də ayrılıqdan doğan faciə xoş sonluqla bitir. Beyrəyin atasının adı kimi Alpamışın da atasının adı Baybörədir. Bamsı-Alpamış (Alıp-Manaş), Banıçiçək- Barçın adlarında da oxşarlıq var.
Məhəmməd Məmmədov qeyd edib ki, “Alpamış” ilə “Koroğlu” dastanlarının ortaq cəhətləri də türk epik düşüncəsinin bütövlüyünü aydın göstərir. Hər iki əsərin mərkəzində fiziki gücü, cəsarəti, mübarizlik ruhu ilə seçilən xalq qəhrəmanı dayanır: Alpamış öz elini, tayfasını qoruyan igiddirsə, Koroğlu zülmə, yadelillərə qarşı mübarizə aparan, zalım xan və bəylərə, ədalətsiz hakimiyyətə qarşı çıxan xalq qəhrəmanıdır. Hər iki obraz xalqın azadlıq, ədalət, güc və mərdlik ideallarını təcəssüm etdirir. Dastanlarda at kultu ayrıca önəm daşıyır: Alpamışın Bayçıbarı əvvəl zəif və xallı görünsə də, sonradan həqiqi “tülpar”, qanadlı qəhrəman atına çevrilir; Koroğlunun Qıratı isə fövqəladə gücə malik, sahibini bir baxışdan anlayan, döyüşlərin taleyini dəyişən varlıq kimi təqdim olunur.
Alim vurğulayıb ki, ailə və sevgi motivləri də hər iki dastanda qəhrəmanların mənəvi ucalığını ön plana çıxarır: Alpamış Baysarının qızı Barçın uğrunda, Koroğlu isə xotkar qızı Nigar naminə mübarizə aparır. Onlar təkcə döyüş meydanında deyil, mənəvi seçimlərində də sədaqət, mərdlik və insanpərvərlik nümunəsi göstərirlər. Alpamış da, Koroğlu da zülm altında əziyyət çəkən kasıbların, kimsəsizlərin müdafiəçisi, cəmiyyətdə ədaləti bərpa etməyə çalışan xilaskar obrazlar kimi qavranılır. Aşıq-baxşı ənənəsi ilə yüzillər boyu saz, qopuz və ya dütarın müşayiətilə ağızdan-ağıza keçən bu dastanlar zamanla müxtəlif variantlarda yaşadılaraq, türk xalqlarının ortaq yaddaşını formalaşdırıb. Koroğlu həm cəngavər, həm də sazda ustalıqla ifa edən sənətkar-aşıq kimi təqdim olunur; Alpamış isə fiziki gücü ilə yanaşı, yüksək əxlaq və xalq hikmətinin daşıyıcısı kimi yadda qalır. Bu bənzərliklər “Kitabi-Dədə Qorqud”, “Alpamış” və “Koroğlu”nun eyni epik ənənənin müxtəlif qollarını təşkil etdiyini, ortaq türk mədəniyyət məkanının ayrılmaz parçası olduğunu bir daha sübut edir.



