
9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın tarixində ən önəmli günlərdən biridir. Bu gün Azərbaycan dövlətçiliyinin rəmzi, müstəqilliyimizin, azadlığımızın və milli kimliyimizin təcəssümü olan üçrəngli bayrağımızın qəbul olunduğu gündür. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilən bu bayraq mavi, qırmızı və yaşıl rəngləri ilə xalqımızın mənəvi dəyərlərini, milli ideallarını və gələcəyə olan inamını ifadə edir.
Azərbaycan bayrağı təkcə bir dövlət atributu deyil, həm də azərbaycançılıq məfkurəsinin simvoludur. Bu məfkurə — millətin vahid ideya ətrafında birləşməsi, milli-mənəvi dəyərlərin qorunması və müasir dövrdə inkişaf etdirilməsi deməkdir. Azərbaycançılıq ideologiyası xalqımızın tarixindən, dilindən, mədəniyyətindən və ənənələrindən qaynaqlanır, bütün azərbaycanlıların mənəvi birliyini təmin edir.
Azərbaycançılıq həm ölkə daxilində yaşayan bütün vətəndaşların milli həmrəyliyini möhkəmləndirir, həm də dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımızı Vətənə bağlayan mənəvi körpü rolunu oynayır. Bu ideya hər bir azərbaycanlını milli kimliyinə, dilinə, tarixinə və dövlətinə sədaqətli olmağa səsləyir.
Ulu öndər Heydər Əliyev azərbaycançılıq məfkurəsini dövlət ideologiyası səviyyəsinə qaldırmış, onun əsas prinsiplərini müəyyənləşdirmişdir. O, dəfələrlə vurğulamışdır ki, “Azərbaycançılıq ideyası bizim milli varlığımızın əsasını təşkil edir”. Bu ideya müasir Azərbaycan dövlətinin inkişaf strategiyasının mərkəzində dayanır və Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün daha da dərinləşir, yeni məzmun kəsb edir.
Bayrağımızın üç rəngi də bu məfkurənin mənəvi dayaqları ilə sıx bağlıdır. Mavi türk kimliyimizi, qırmızı müasirliyə, elmə və tərəqqiyə can atmağımızı, yaşıl isə islam mədəniyyətinə və mənəvi dəyərlərimizə sadiqliyimizi ifadə edir. Bu üç prinsip azərbaycançılığın təməl sütunları kimi çıxış edir.
Milli həmrəylik isə azərbaycançılıq ideyasının həyata keçirilməsinin ən mühüm şərtidir. Xalqın birliyi, dövlətin möhkəmliyi, vətəndaş həmrəyliyi olmadan heç bir ideya gerçəkliyə çevrilə bilməz. 44 günlük Vətən müharibəsində bu milli həmrəyliyin ən parlaq nümunəsini gördük: xalq, ordu və dövlət bir yumruq kimi birləşərək torpaqlarımızı azad etdi. Bu qələbə azərbaycançılıq ideyasının və milli həmrəyliyin real nəticəsidir.
Bu gün hər bir azərbaycanlının borcu dövlət bayrağımıza, onun daşıdığı mənəvi dəyərlərə hörmətlə yanaşmaq, azərbaycançılıq məfkurəsinə sadiq qalmaqdır. Bayrağımız ucaldıqca, xalqımızın milli həmrəyliyi, dövlətimizin gücü və azərbaycançılıq ideologiyasının nuru da bir o qədər parlayacaq.
Günel Nəsibova,
Yeni Azərbaycan Partiyası, məsləhətçi



