
Azərbaycanın xarici siyasətində milli suverenliyin qorunması və beynəlxalq ikili standartlara qarşı qətiyyətli mövqe nümayiş etdirilməsi əsas prinsiplərdən biridir. Prezident İlham Əliyevin Şuşa Forumunda qeyd etdiyi kimi, Avropa təsisatları ilə münasibətlərdə böyük fərqlər mövcuddur. Yeni Avropa Komissiyası ilə əlaqələr yaxşılaşsa və yüksəksəviyyəli səfərlər həyata keçirilsə də, Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) tamamilə fərqli və ədalətsiz bir mənzərə yaranmışdır. Dövlət başçısı xatırladır ki, Azərbaycan nümayəndə heyəti 2023-cü ilin sentyabrında ərazimiz separatçılardan 100 faiz azad edilənə qədər heç vaxt AŞPA-da sanksiya altında olmamışdır. Lakin ərazimizi təmizlədikdən sonra, 2024-cü ilin yanvarında Azərbaycan nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsi qərarı verildi.
Bu addım heç də insan hüquqları ilə bağlı deyildi, çünki belə olsaydı, bunu xeyli əvvəl edərdilər; bu, sadəcə, ölkəmizi öz suverenliyini bərpa etdiyinə görə cəzalandırmaq cəhdi idi. Nəticədə, Azərbaycan nümayəndə heyəti çox müdrik qərar qəbul edərək iclaslarda iştirakını dayandırdı.
AŞPA beş il ərzində Azərbaycanı hədəfləyən 13 qətnamə qəbul edib və onların heç biri ölkəmiz üçün vacib deyil. Azərbaycan rəhbərliyi AŞPA-da üzvlüyün dondurulmasını deyil, bütövlükdə Avropa Şurasından tam çıxmağı ciddi şəkildə nəzərdən keçirir. Avropa Şurasının Baş katibinin xahişi ilə bu proses hələlik dayandırılsa da, vəziyyət dəyişməz qalır və AŞPA-dan gələn ultimatum formasında tələblər tamamilə qəbuledilməzdir.
Əlaqələri Azərbaycan pozmamışdır və səsvermə hüququ hər hansı legitim əsas olmadan məhdudlaşdırılmışdır. Buna görə də münasibətlərin bərpası üçün ilk addımı qarşı tərəf atmalıdır: onlar cəsarət tapıb geriyə çəkilməli, böyük səhvə yol verdiklərini etiraf etməli və Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnu bərpa etməlidirlər. Əgər Azərbaycan Avropa Şurasını tam tərk edərsə, ölkədə bunu heç kəs hiss etməyəcək, yəni orada olmaq və ya olmamaq çox şeyi dəyişmir. Azərbaycan könüllü olaraq bu təşkilata 2001-ci ildə Qarabağ münaqişəsinin həllinə kömək ümidi ilə qoşulmuşdu, lakin suverenliyimizin bərpası yalnız xalqımızın və dövlətimizin öz gücü sayəsində baş tutdu.
Tamella İbrahimli,
YAP Nizami rayon təşkilatının fəalı



