AnalitikaGündəmSiyasət

Biz suverenliyimizi və ərazi bütövlüyümüzü özümüz bərpa etdik və indi də gələcəyimizi özümüz qururuq

Fikirlərin, narahatlıqların və ya gözləntilərin bölüşüldüyü XII Qlobal Bakı Forumu zamanı Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib. Dövlət başçısı bir sıra mövzulara münasibət bildirib, regionu və dünyanı maraqlandıran məsələlərlə bağlı öz fikirlərini açıqlayıb. Beynəlxalq aləmdə formalaşan “İlham Əliyev vəziyyəti oxumaqda çox bacarıqlıdır” fikri bu gün də öz aktuallığını qoruyur. Məhz buna görədir ki, dünyanın aparıcı televiziyalarından biri olan, 151 ölkədə izlənilən “Euronews” növbəti dəfə Azərbaycan Prezidentinə müraciət edərək öz auditoriyasına yeni informasiyalar, məlumatlar çatdırıb. Prezident bildirib ki, dünya nizamı artıq mövcud deyil. Hələ ki, beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil. Bu gün bəzi beynəlxalq təşkilatlar ya öz zəifliyini nümayiş etdirir və ya tamamilə iflic vəziyyətindədir. Biz hələ ki, qlobal transformasiyanın ilkin mərhələsindəyik və bir çox məsələ hadisələrin gedişatından asılı olacaq. Hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır. Beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var. Bəli, biz BMT-nin Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalan qətnamələrini icra etdik. Əgər torpağımızı güclə azad etməsəydik, onlar növbəti 27 il də kağız üzərində qalacaqdı.İndi güclü Azərbaycanın istəkləri bir-bir reallaşır. Belə ki, Qlobal Bakı Forumunda müzakirələr zamanı məlumat yayıldı ki, Ermənistan daha bir məsələdə geri addım atdı. Belə ki, Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqlar yekunlaşdı. İrəvan ATƏT-in Minsk Qrupunun ləğv edilməsinə razılıq verdi. Rəsmi Bakı dəfələrlə bəyan etmişdi ki, münaqişə həll edildiyindən bu təsisata artıq ehtiyac yoxdur. Digər bir razılaşma isə ondan ibarət idi ki, başqa ölkələrin nümayəndələri Azərbaycan-Ermənistan sərhədində yerləşə bilməz. Bu həmdə o deməkdir ki, gecə-gündüz casus kimi sərhədlərimizdə dayanan Avropa İttifaqının kəşfiyyat missiyasının sonu yaxınlaşır. Bu da Fransa olmaqla bəzi ermənipərəst qüvvələrin planlarını puç etdi. Əgər Ermənistan tərəfi Vətən müharibəsidən sonra Azərbaycan Prezidentinin təkliflərinə qulaq asıb, lazımı nəticəni çıxartsaydı bu gün Cənubi Qafqazda fərqli bir vəziyyət yaranmışdı.

Dövlət başçısı bildirib ki, dünyada baş verən böhranlardan regionumuzun qorunması vacib məsələdir. Təəssüflər ki, onilliklər ərzində Cənubi Qafqaz qarşıdurma və düşmənçilik bölgəsi olub. Hazırda nisbətən sakit dövrdəyik və biz diqqətimizi buna yönəltməliyik. Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq və sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmalıyıq. Prezident qeyd edib ki, milli maraqlarımız məsələsində biz heç kəsə və ya heç bir təsisata arxalanmamışıq. Çünki əgər siz həmişə kiminsə yardımına bel bağlasanız, birincisi, bu, sizi zəiflədəcək, ikincisi, bu yardımın daimi olacağına dair heç bir zəmanət yoxdur, üçüncüsü də siz suverenliyinizin bir hissəsini itirmiş olursunuz. Çünki əgər siz həmişə kimdənsə asılısınızsa və həmişə kimdənsə yardım istəyirsinizsə, onda bir gün gələcək, həmin şəxs gəlib sizdən hesabat istəyəcək.

Dövlət başçısı qeyd edib ki, bizim təcrübəmiz uğurlu olub. Yəni, biz öz resurslarımıza güvənirdik, biz suverenliyimizi və ərazi bütövlüyümüzü özümüz bərpa etdik və indi də gələcəyimizi özümüz qururuq. Hesab edirəm ki, bu, çox vacib bir nəticədir və bu, təkcə nəzəriyyə deyil, bu, Azərbaycanda baş verənlərdir. Azərbaycan Prezidenti Rusiya-Ukrayna müharibəsinə də münasibət bildirib. Dövlət başçısı bu məsələdə o qədər də nikbin deyil.” Mən realist olmağa üstünlük verirəm.Növbəti aylar və ya hətta illərdə sabitliyə nail olacağımızı düşünmürəm. Rusiya-Ukrayna müharibəsindən söhbət gedirsə, hətta müharibə dayansa belə, müharibənin yenidən başlamayacağına dair heç bir zəmanət yoxdur. Bir vaxtlar demək olar ki, otuz il ərzində bizdə – Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşması var idi. Bu razılaşmaya 1994-cü ilin yazında nail olunmuşdur. Lakin bu, müharibənin sona çatması demək deyildi. Sadəcə, transformasiya baş vermişdir və müharibə yalnız sülh sazişi imzalananda bitir” deyə ölkə başçısı qeyd edib. Azərbaycan lideri “Euronews” tamaşaçılarının diqqətinə çatdırıb ki,dünyada münaqişələrin sayı artmaqdadır. Əgər siz öz həllini tapmış münaqişə axtarsanız, görə bilərsiniz ki, sadəcə burada, Qarabağda olan münaqişə öz həllini tapıb. Bu, beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir. Bu həlli bütün dünya qəbul edir. Prezident həmçinin xəbərdarlıq edib ki, qlobal dəyişikliklər yenicə başlayıb. Qlobal miqyasda yaşanacaq dəyişikliklərə isə yalnız Azərbaycan kimi güclü ölkələr indidən hazırdır.

Ruhiyyə İbrahimova,
Pirşağı qəsəbəsi 112 nömrəli tam orta məktəbin direktoru

Oxşar Xəbərlər

Back to top button