AnalitikaGündəmSiyasət

Böyük Qayıdış Azərbaycanın milli iradəsinin, güclü dövlətçiliyinin və xalqın doğma torpaqlara bağlılığının bariz nümunəsidir

III Şuşa Qlobal Media Forumu — 2025-ci il iyulun 19-da keçirilən və dünyanın müxtəlif ölkələrindən media nümayəndələrinin iştirak etdiyi mötəbər tədbir — Azərbaycanın müasir siyasətində və beynəlxalq informasiya məkanında xüsusi yer tutan bir hadisəyə çevrildi.

Prezident İlham Əliyevin forumda etdiyi çıxışda toxunduğu əsas məsələlərdən biri isə “Böyük Qayıdış” proqramı və bu istiqamətdə görülən işlər oldu.

Prezident İlham Əliyev çıxışında vurğuladı ki, Azərbaycan xalqı öz doğma torpaqlarına qayıtmaq hüququna malikdir və bu proses planlı şəkildə, beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilir.

Dövlət başçısı bildirdi ki, “Böyük Qayıdış” proqramı yalnız məcburi köçkünlərin evlərinə qayıtması deyil, həm də həmin ərazilərdə müasir və dayanıqlı həyatın bərpası ilə müşayiət olunan çoxşaxəli bir dövlət siyasətidir.

İlham Əliyev qeyd etdi ki, işğaldan azad edilmiş torpaqların tamamilə dağıdılmış vəziyyətdə olması, şəhərlərin və kəndlərin yerlə-yeksan edilməsi bu ərazilərin bərpasını daha da mürəkkəbləşdirib.

Buna baxmayaraq, Azərbaycan dövləti qısa müddətdə genişmiqyaslı bərpa-quruculuq işlərinə start verib və artıq konkret nəticələr əldə olunub. Ağalı kəndində, Laçın şəhərində, Zabux və Füzuli kimi yaşayış məntəqələrində artıq sakinlər yaşayır.

Prezident çıxışında xüsusi vurğuladı ki, Böyük Qayıdış Azərbaycanın milli iradəsinin, güclü dövlətçiliyinin və xalqın doğma torpaqlara bağlılığının bariz nümunəsidir.

İlham Əliyev həmçinin Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən layihələrin yalnız yerli əhəmiyyət daşımadığını, bu bölgələrin regionun inkişafına və sülhün təmin olunmasına xidmət etdiyini diqqətə çatdırdı.

Forum çərçivəsində Prezident İlham Əliyev “Böyük Qayıdış”ın təhlükəsizlik aspektinə də toxundu. O bildirdi ki, ərazilərin mina və digər təhlükələrdən təmizlənməsi, insanların təhlükəsizliyi üçün zəruri tədbirlərin görülməsi prosesin mühüm tərkib hissəsidir.

Azərbaycan bu istiqamətdə beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edir və bu məsələnin siyasi manipulyasiyaya çevrilməsinə yol vermir.

Prezidentin çıxışı zamanı vurğuladığı digər mühüm məqam, bölgələrdə müasir infrastrukturun yaradılması, “ağıllı kənd”, “yaşıl enerji zonası” layihələrinin reallaşdırılması idi.

Dövlət başçısı bildirdi ki, bu konsepsiyalar təkcə Azərbaycanda deyil, beynəlxalq müstəvidə də nümunə göstərilir və Böyük Qayıdışın uğurlu nəticə verməsi üçün əsas baza rolunu oynayır.

Prezident İlham Əliyevin Şuşa Forumundakı çıxışı bir daha sübut etdi ki, “Böyük Qayıdış” Azərbaycanın milli maraqlarına söykənən, real nəticələrə hesablanmış strateji dövlət proqramıdır.

Bu proses ölkənin həm siyasi, həm də sosial-iqtisadi gücünün təcəssümü kimi tarixə düşür.

Sevinc Qəhrəmanova ,
Yeni Azərbaycan Partiyası,məsləhətçi

Oxşar Xəbərlər

Back to top button