Prezident İlham Əliyev Şuşanın işğalda qalmasını qəbuledilməz hal kimi dəyərləndirirdi. O deyirdi: « Hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar.»
Azərbaycanda «Qarabağın döyünən ürəyi» və «Sən tarixin özüsən, Azərbaycanın gözüsən» deyə bəhs etdikləri Şuşa şəhərinin işğaldan azad olunması xəbərinin Ali Baş Komandan tərəfindən elan edilməsi xalqımızı və dostlarımızı çox sevindirdi. Çoxlarına görə, bu tarixi şəhərin azad olunması Azərbaycan tərəfinə 44 gün davam edən döyüşlərdə həlledici üstünlük verdi. Bəzilərinə görə isə bu, artıq Azərbaycanın təxminən 30 il müddətində işğalda qalmış torpaqlarını azad etdiyi müharibədə tam qələbəsi idi.
Bəli məhz 1992-ci il mayın 8-də itirdiyimiz Şuşa şəhəri 28 il sonra 2020-ci il 8 noyabrında Ali Baş Komandanımızın rəhbərliyi ilə geri qaytarıldı. Bununla da Azərbaycan xalqıının 28 illik Şuşa həsrəti sona yetdi. Bu müjdəni Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımıza məhz Dövlət Bayrağı Günündə verdi. Azərbaycan bəlkə də son bir əsrdə bu qədər sevinc, qürur yaşamamışdı, bayrağa bu qədər sevgi görməmişdik. Bu tarixi müjdəyə sevinən xalqımız Azərbaycanın bütün şəhər və bölgələrində üç rəngli bayraqlarımızı dalğalandıraraq bir daha Bayrağımıza, qələbəmizə olan sevgilərini böük coşqu ilə nümayiş etdirdilər. Şuşaya bayrağımızın sancıldığı 2020-ci ilin 8 noyabr günü Azərbaycan tarixinə əbədi həkk olundu. Nəinki hərbi ekspertlərin, elə ermənilərin özlərinin də dediyi kimi, «kim Şuşaya nəzarət edirsə, Qarabağa da o nəzarət edir». Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan 19 sentyabr 2023-cü ildə lokal xarakterli antiterror əməliyyatına başlamışdır. Antiterror tədbirlərinin nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir. Nəticədə 15 oktyabr 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağını qaldırmışdır.
Qeyd edilənlərlə yanaşı, bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi.
Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı