AnalitikaGündəm

Bu gün xalqımız fəxr edir ki, müstəqilliyimizi təcəssüm etdirən şanlı Dövlət Bayrağımız işğaldan azad edilən torpaqlarımızda qürurla dalğalanır

Azərbaycan respublikasının rəsmi simvollarından (himn və gerblə birlikdə) biri olan bayraq ilk dəfə 9 noyabr 1918-ci ildə müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilmişdir.

Azərbaycan respublikasının rəsmi simvollarından (himn və gerblə birlikdə) biri olan bayraq ilk dəfə 9 noyabr 1918-ci ildə müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilmişdir. 1991-ci il oktyabrın 18-də “Azərbaycan respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa etmişdir.

Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan (yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir) ibarətdir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın göy rəngi türkçülüyü, qırmızı müasir azadlıq ideologiyasını, yaşıl rəng isə İslamı tərənnüm edir.

Azərbaycan respublikasının prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

2010-cu il sentyabrın 1-də Azərbaycan respublikasının prezidenti İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının – Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olub. Meydanda inşa olunmuş bayraq dayağının hündürlüyü 162 m, bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadrat metr, çəkisi isə təqribən 350 kiloqramdır. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı, həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində respublikamızda anarxiyanın, özbaşınalığın qarşısı alınmış, ictimai-siyasi sabitlik təmin edilmiş, ölkənin parçalanmasına yönəlmiş separatçı cəhdlər uğursuzluğa düçar olmuşdur. Üçrəngli bayrağımızın ikinci dəfə dövlət rəmzi kimi təsbit edilməsi də ulu öndər Heydər Əliyevin  rəhbərliyi ilə hazırlanan, 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyasında da öz əksini tapmışdır.

Azərbaycan bir çox nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurasının tamhüquqlu üzvüdür. Üçrəngli milli bayrağımız Avropanın mərkəzində dalğalanmağa, bizim varlığımızı, gücümüzü bütün dünyaya tanıtmağa başlayıb. Ulu öndərimiz Heydər Əliyev Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi ilə əlaqədar keçirilən təntənəli mərasimdəki çıxışında Milli Bayrağımızın çox böyük önəm daşıdığını bir daha vurğulamışdır: “Bu dəqiqələrdə biz tarixi anlar yaşayırıq. Az sonra Azərbaycanın bayrağı Avropa Şurası Sarayının önündə dalğalanacaqdır. Bu bayrağın rənglərindən birinin mənası müasirləşmək, yəni avropalaşmaqdır. Xoşbəxtik ki, hamımızın ümumi səyləri ilə bayrağımız bir daha öz həqiqi mənasına qovuşur, öz həqiqi yerini tutur”.

Ümummilli liderin bizə ərməğan qoyduğu müasir müstəqil Azərbaycanda onun siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin milli ideallara bağlılığı həm də üçrəngli bayrağımıza münasibətdə açıq-aydın görünür. “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə”yə edilmiş əlavə və dəyişikliklərin təsdiqlənməsi, “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Qanunun imzalanması da bu yüksək ehtiramın ifadəsidir.

Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı digər bir Sərəncamla Azərbaycanın üçrəngli bayrağının ilk dəfə rəsmi ucaldığı 9 noyabr (1918-ci il) tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi təsis edilmişdir. 2010-cu ildən etibarən noyabrın 9-u hər il respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı düşmən işğalından qurtararaq ərazi bütövlüyümüzü bərpa edib. Azərbaycan əsgəri bayrağımızı 28 il həsrətində olduğumuz Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərində, Hadrut, Mincivan, Ağbənd qəsəbələrində, Suqovuşanda, işğaldan azad olunmuş 200-dən çox kənddə ucaldıb. Dövlət Bayrağı Gününə ən böyük müjdə isə 2020-ci ildə verildi. Prezident İlham Əliyev 2020-ci il noyabrın 8-də – Dövlət Bayrağı Günü ərəfəsində üçrəngli bayrağımızın Şuşada ucaldıldığını xalqımıza bəyan etdi. Bundan sonra yüz minlərlə insan əllərində Azərbaycan Bayrağı küçələrə çıxaraq Şuşa Zəfərinin sevincini paylaşdı. Şuşanın 28 ildən sonra düşmən tapdağından qurtarılması Bayraq Günü ilə bir vaxta təsadüf etdi. Şuşaya bayrağımızın sancıldığı 2020-ci ilin 8 noyabr Zəfər günü Azərbaycan tarixinə əbədi həkk olundu. Bu şanlı səhifəni tariximizə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev yazdı.

Dövlətimizin başçısı İlham Əliyevin əminliklə qeyd etdiyi kimi, gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq: «Bu gün Azərbaycan bayrağı Qarabağda, Şərqi Zəngəzurda dalğalanır. Möhtəşəm Azərbaycan bayrağı hər zaman ucalarda dalğalanacaq”.

Bəli, o gün düz 30 ildən sonra – 44 günlük müharibədə qələbə əldə etdikdən sonra işğaldan azad olunan torpaqlarımızda – hər yerdə Azərbaycan bayrağı ilə yanaşı Türkiyə Cümhuriyyətinin bayrağı da dalğalanırdı. Ulu Öndərin də dediyi kimi, bir millət, iki dövlət olduq. Daha sonra 2023-cü ilin sentyabrında antiterror tədbirlərində uğurlar əldə etdik və yenə də bayrağımızı yüksəklərə ucaltdıq.

Ali Baş Komandanımız, Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdıqdan sonra çıxış edərkən deyib: «İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır».

Bu illər ərzində Azərbaycanın gücləndiyini və dünya miqyasında özünə layiq yerini tuta bildiyini vurğulayan dövlətimizin başçısı bildirib: “Artıq Azərbaycanla dünyada hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır. Bir çox hallarda Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Biz bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaratdıq. Eyni zamanda, biz güclü iqtisadiyyat yaratdıq və son 20 il ərzində bu istiqamətdə əldə edilmiş uğurlar göz qabağındadır”.

Beləliklə, bu gün xalqımız fəxr edir ki, müstəqilliyimizi təcəssüm etdirən şanlı Dövlət Bayrağımız işğaldan azad edilən torpaqlarımızda qürurla dalğalanır. Çünki bu bayraq tariximiz, şərəfimiz və namusumuzdur. Son olaraq qeyd edim ki, ölkə başçımız, Müzəffər Ali Baş Komandanımız heç bir təzyiq qarşısında əyilmədiyi halda yalnız şanlı bayrağımız qarşısında əyilərək onu öpüb alnına qoyaraq göndərə çəkir. Bu hər birimizə örnək olmalıdır. Hər birimiz dərk etməliyik ki, bizim qarşısında əyiləcəyimiz çox az dəyər var ki, onlardan biri də milli qürurumuzun simvolu olan Azərbaycan bayrağıdır. Zəfərimiz, dastanınız mübarək və davamlı olsun! Qarabağ bizimdir, Qələbə də bizimdir! Qarabağ Azərbaycandır!

Ayşən Əhmədova,
Maştağa qəsəbəsi, 128N-li tam orta məktəbin ibtidai sinif müəllimi

Oxşar Xəbərlər

Back to top button