
Avropanın enerji xəritəsini zənginləşdirən Cənub Qaz Dəhlizi Azərbaycan qazını “köhnə qitə”yə çatdıran etibarlı enerji marşrutudur. Cənub Qaz Dəhlizi” Azərbaycanın liderliyi ilə həyata keçirilən, Avropaya idxal olunan qazın marşrutlarının və mənbələrinin şaxələndirilməsini asanlaşdırmaq məqsədi daşıyan nəhəng beynəlxalq layihədir.
Bildiyimiz kimi, aprelin 4-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilib. Tədbir çərçivəsində enerji sahəsində əməkdaşlıq üzrə bir sıra sənədlər imzalanıb. Tədbirdə ölkəmizin başçısı İlham Əliyev də iştirak edib və çıxışı zamanı bir çox önəmli məqamlara toxunub. Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin həmin tədbirdəki çıxışı ölkəmizin müzakirə olunan mühüm mövzular üzrə öncüllüyünün təsdiqi baxımından xüsusi əhəmiyyət daşıdı.
Həmçinin,Azərbaycan yaşıl enerji sahəsində də uğurlu layihələr həyata keçirərək, bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində mühüm addımlar atır. Belə ki, Cənab Prezident qeyd edib ki, “Bu gün Günəş və Külək Enerji stansiyalarına aid sərmayədarlarımızla artıq imzalanmış müqavilələr bizə 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi təmin edəcək. Qeyd etdiyim kimi, nəticədə daxildə bu gün elektrik enerjisinin istehsalında istifadə etdiyimiz təbii qaza xeyli dərəcə qənaət etmək imkanı yaranacaq və həmin qazı ixraca yönəldəcəyik. Biz öz sərmayələrimizlə fəal şəkildə inkişaf edirik. Ermənistan işğalından azad edilmiş Şərqi Zəngəzur və Qarabağ ərazilərində su elektrik enerjisi potensialına gəldikdə, biz artıq 270 meqavatlıq su elektrik stansiyalarını qurmuşuq. Artıq 30-dan çox kiçik su elektrik stansiyası istismara verilib və maksimum növbəti beş ildə bu rəqəm əlavə 30 kiçik su elektrik stansiyası ilə 500 meqavata çatdırılacaq. Beləliklə, nəticədə 2030-cu ilə qədər 6.5 giqavatlıq enerji potensialı yaranacaq. Sizi, sadəcə, məlumatlandırmaq üçün deyə bilərəm ki, bu gün Azərbaycanın yaradılmış imkanları 8 giqavatdan çoxdur. Beləliklə, biz növbəti beş il ərzində bərpaolunan mənbələrdən enerji istehsalı potensialımızı demək olar ki, iki dəfə artıracağıq”.
Cənub Qaz Dəhlizi Azərbaycan Respublikasının təşəbbüsü ilə həyata keçirilən enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi istiqamətində uğurlu icra olunmuş layihədir. Layihənin həyata keçirilməsi və birgə əməkdaşlığın təmin edilməsinə böyük töhfə vermişdir. Layihə iştirakçıları arasında yaranmış möhkəm əməkdaşlıq və enerji işbirliyi hər bir ölkənin iqtisadiyyatda nailiyyətlərə imkan yaradır və Azərbaycanın regionda qlobal iqtisadiyyata bağlı, enerji təhlükəsizliyi və sabitliyin təmin olunmasına mühüm töhfə verən ölkəsi kimi əhəmiyyəti bir daha vurğulayır.
Mail Kərimov,
Sabunçu rayonu, 293 saylı tam orta məktəbin Coğrafiya müəllimi