
“Macarıstan Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir. Bu səbəbdən də Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Macarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir. Azərbaycan ilə Macarıstan arasında ali səviyyədə siyasi dialoq mövcuddur, ikitərəfli münasibətlər dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edir”.
Bunu “İnfososium.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, bu gün dost ölkələr və strateji tərəfdaşlar olan Azərbaycan və Macarıstan geniş iqtisadi potensiala malik ölkələrdir: “İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, habelə iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər iqtisadi əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli baza rolunu oynayır. Hər iki ölkə bu gün həm də qlobal layihələrin mərkəzi aktorları kimi mühüm əhəmiyyət kəsb edirlər. Bu mənada Azərbaycan-Macarıstan dostluq əlaqələri həm ölkələrimiz, həm də Avrasiya üçün çox böyük önəm daşıyır”.
Ramil Vəlibəyov əlavə edib ki, Azərbaycanla Macarıstan arasında energetika sahəsində uğurlu əməkdaşlıq mövcuddur: “Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində – “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında pay sahibidir. Gələn ilin əvvəlində isə növbəti kontrakt imzalanacaq ki, bununla da Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Onu da əlavə etmək lazımdır ki, bu gün Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir ki, onlardan 10-u Avropa ölkəsi, 8-i isə Avropa İttifaqı üzvüdür. Həmin ölkələrdən biri də məhz Macarıstandır. Bu gün artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazının Bolqarıstana, Rumıniyaya, Macarıstana və digər Avropa ölkələrinə çatdırılma reallığı mövcuddur. Məhz bu konteksdə qiymətləndirmə aparılsa, o zaman bir fakt da bəlli olur ki, Azərbaycan-Macarıstan münasibətləri həm də Avropanın enerji təhlükəsizliyinə böyük töhfələr verir. Azərbaycan eyni zamanda Macarıstanla yaşıl enerji üzrə də fəal işləyir”.