AnalitikaGündəm

Düşmən tapdağında qalan torpaqlarımız 44 gün davam edən İkinci Qarabağ müharibəsi zamanı azad edilmişdir

Kəlbəcər rayonu Azərbaycanın qərbində yerləşir, Şərqi Zəngəzur İqtisadi Rayonuna aiddir. Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Bu ərazi ibtidai insanların təşəkkül və təkamül tapdığı bir məskəndir. Arxeoloji qazıntılar zamanı tapılan, ibtidai insanlara aid olan əmək alətləri Kəlbəcərin qədim tarixə sahib olmasının bariz göstəricisidir. Kəlbəcər ərazində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min yaşı olan qaya təsvirləri, o cümlədən çöp şəkilli qədim türk əlifbası aşkar edilmişdir. Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur, buranın çox hissəsini meşəlik əhatə edir. Ən hündür zirvələri Camışdağın zirvəsi və Dəlidağdır.

Kəlbəcər rayonunun ərazisi 3054 kv. km təşkil edir və 1 şəhər, 1 qəsəbə və 145 kəndi mövcud olub. Öz faydalı qazıntıları, qızıl yataqları, civə ehtiyatı, mineral daşları, isti və sərin bulaqları, o cümlədən saf-təmiz havasına və saymaqla bitməyən sərvətlərinə görə Kəlbəcəri dünyanın əsrarəngiz bir məkanı desək, yanılmarıq. İstisu mineral bulağını nümunə göstərə bilərik ki, bu misli görülməmiş bulaq neçə milyon insanı sağaldaraq həyata qaytaran dirilik suyudur.

Yeraltı və yerüstü sərvətləri ilə zəngin olan dilbər guşəmiz Kəlbəcər 1993-cü il 2 aprel tarixində mənfur düşmənin- Ermənistan silahlı qüvvələrinin hücumuna məruz qalmış və işğal edilmişdir. Yüzlərlə insan öldürülmüş, əsir götürülmüşdür və itkin düşmüşdür. Köməksiz qalan sakinlər isə öz doğma dədə-baba yurdundan didərgin düşmüşdür.

28 il düşmən tapdağında qalan torpaqlarımız, nəhayət 27 sentyabr 2020-ci ildə başlamış 44 gün davam edən İkinci Qarabağ müharibəsi zamanı azad edilmişdir. İllərdir, həsrətini çəkdiyimiz Qarabağımız Ali Baş Komandan İlham Əliyev və rəşadətli ordumuz sayəsində düşmən əsarətindən qurtulmuşdur. Bu zəfər Azərbaycan tarixinə qızıl hərflərlə yazılmışdır.

Ulu Öndər Heydər Əliyev illər öncə bu gözəl günləri görürdü və həmin günləri sanki əvvəldən salamlayırdı. 2 aprel 1996-cı ildə kəlbəcərlilərlə görüşündə Ulu Öndər demişdi: “Kəlbəcər yenə də öz keçmiş, gözəl günlərinə qayıdacaq və gələcəkdə ondan da gözəl olacaqdır. O gün həm kəlbəcərlilər üçün, həm də bizim üçün əziz olacaqdır”.

Natiq Musayev,
Bakı Dövlət Sosial İqtisad Kolleci
nin təcrübə rəhbəri

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button