“Erməni ilə qarşılaşma çətin keçdi” – Avropa çempionumuz
İspaniyada keçirilmiş U-20 Avropa çempionatında tarixi uğura imza atan sərbəst güləş üzrə millimiz vətənə qayıdıb.
İnfososium.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, komandanın böyük məşqçisi Arif Abdullayev və idmançılar hava limanında jurnalistlərə açıqlamalar verib:
Arif Abdullayev, yığma komandanın böyük məşqçisi: “10 çəkidən 6-sında medal qazandıq və komanda hesabında Avropa çempionu olduq. 2013-cü ildən sonra ikinci dəfə sərbəst güləşdə gənclər arasında komanda hesabında 1-ci yeri tutduq. Bu qələbə münasibətilə Azərbaycan xalqını təbrik edirəm. Bu uğurda payı və əziyyəti olan hər kəsə, o cümlədən federasiya rəhbərliyini təşəkkürümü bildirirəm. İspaniyada təşkilatçılıq yüksək səviyyədə idi. Hər şey yaxşı idi. Avqustda U-20 dünya çempionatı keçiriləcək. Xaçmazda fiziki hazırlıq üzrə təlim-məşq toplanışı keçəcəyik. Son olaraq taktiki-texniki hazırlığa diqqət yetirəcəyik. İnanıram ki, bu yarışa da yaxşı hazırlaşıb, qızıl medallarla xalqımızı sevindirəcəyik”.
Ruslan Abdullayev, Avropa çempionu: “Yarış yaxşı keçdi. Komanda olaraq Avropa çempionatına yüksək səviyyədə hazırlaşmışdıq və bunun da bəhrəsini gördük. Yarışda görüşlərim çox çətin keçmədi. Finalda moldovalı güləşçiyə tam üstünlüklə qalib gələrək qızıl medal əldə etdim”.
Ceyhun Allahverdiyev, Avropa çempionu: “Finala qədər görüşlərim rahat alındı. Finaldakı rəqibim erməni idi. Bu qarşılaşma çətin keçdi. Şükürlər olsun ki, ona da qalib gələrək Avropa çempionu oldum. Növbəti hədəfim dünya çempionatında qızıl medal qazanmaqdır”.
Xatırladaq ki, qitə birinciliyində Ruslan Abdullayevlə (57 kq) Ceyhun Allahverdiyev (61 kq) qızıl, Yusif Dursunov (125 kq) gümüş, Cavidan Əhmədov (70 kq), Sadiq Mustafazadə (79 kq) və Zəfər Əliyev (97 kq) isə bürünc medal qazanıb.