Azərbaycan Prezidenti İlham Əliyev hər zaman olduğu kimi yenə öz ədalətli mövqeyini bir daha ortaya qoyub. Bu gün Azərbaycan dünyada tolerant, multikultural ölkələrdən biridir və ölkəmizdə bütün dinlərə bərabər şərait yaradılıb. Amma bu gün biz xüsusən Fransada irqçiliyin və islamafobiyanın sürətlə artdığını görürük. Bir neçə gün əvvəl Fransada baş verən hadisələr bu ölkədə irqçilik və islamafobiyanın nə dərəcədə yayıldığını bir daha göstərir. Əlbəttə ki, bu gün Fransa da və bir çox dünya dövlətləri də bu məsələyə öz etirazlarını bildirirlər. Bu baxımdan Prezident İlham Əliyevin BMT-nin polisin atəş açmasını pisləyən və Fransanı “hüquq-mühafizə orqanlarında irqçilik və ayrı-seçkiliyin dərin problemlərini ciddi şəkildə həll etməyə” çağıran bəyanatını dəstəkləməsi təbiidir. Özünü demokratik dövlət kimi nümayiş etdirən Fransada baş verən iğtişaşlar Makronun bədxah siyasətini göstərir. Makron erməni faşizminin əsas tərəfdarlarından biridir. Fransa Azərbaycan əleyhinə çıxış edərək haqqı nümayiş etdirmir. Bu onu göstərir ki, Fransa humanist prinsiplərə sadiq deyil. Azərbaycan bu məsələdə qəti mövqeyini ortaya qoyub. Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatı çərçivəsində nazirlər toplantısında Fransanın ikiüzlü siyasətini sərt tənqid etdi. Ölkə başçısı həmçinin Fransanın qanlı müstəmləkə cinayətlərini xatırlatdı və soyqırımı törətdiyi ölkələrdən üzr istəməyə çağırdı. Bu, bütövlükdə dünyada dinlər, məzhəblər arasında münasibətə də xələl gətirir və Fransa belə əməllərə son qoymalıdır. Beynəlxalq təşkilatlar da bununla bağlı Fransaya çağırışlar etməlidirlər və Fransanın bu əməllərini qətiyyətlə pisləməlidirlər ki, gələcəkdə belə hallar təkrarlanmasın. Bu cür hallar artıq Fransada davamlı və xarakterik hal alıb. Bu, qəbuledilməzdir və birmənalı olaraq pisnəlilməli əməldir.
Fransa dövləti, o cümlədən, Avropa Birliyi bu cür aksiyalardan nəticə çıxarmalıdır. Onlar Afrikadan, Yaxın və Orta Şərqdən köç etmiş miqrantlara, həmçinin müsəlman dünyasına qarşı ədalətli siyasət yürütməlidir. Çünki həmin miqrantlar heç də öz istəkləri ilə bu köçü həyata keçirmir. Onların başqa ölkələrə üz tutmasının səbəbi də elə Avropa dövlətləridir. Avropa dövlətləri, xüsusilə də, Fransa həm Afrikanı, həm də Yaxın və Orta Şərqi istila etməklə orada yaşayan insanların haqlarını əllərindən aldı. İndi isə avropalılar həmin miqrantların əsirinə çevrilmək məcburiyyətində qalıblar. Bu, danılmaz bir həqiqətdir.
Mətləb Hüseynov,
Emal Sənayesi üzrə Bakı Peşə Təhsil Mərkəzinin direktoru