Kəlbəcər Azərbaycanın öz füsunkarlığı, göz oxşayan təbiəti, zəngin sərvətləri ilə seçilən rayonlarındandır. Rayon ərazisinin çox hissəsi meşələrlə örtülüdür və bir çox qiymətli sərvətlərə sahibdir. Kəlbəcər rayonunu şimaldan Murovdağ silsiləsi, cənubdan Qarabağ Vulkanik yaylası ilə əhatə edir. İstər coğrafi mövqe, relyefi, istərsə də təbəti, zənginlikləri baxımından rayonun çox böyük stratejik əhəmiyyətə malik olduğunu göstərir. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edildi. İşğal zamanı 511 nəfər dinc sakin öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb.
30 il davam edən işğal, ermənilərin buraya köçürülməsi, yaşayış məskənlərimizin və tarixi abidələrimizin dağıdılması, təbii sərvətlərimizin Ermənistan tərəfindən istismar edilməsi rayonun erməni vandalizminin qurbanına çevrilməsinə səbəb olmuşdur.
Nəhayət, 27 sentyabr 2020-ci il 44 günlük Vətən müharibəsi, Şanlı Zəfərin tarixi başlanğıcı 30 illik işğala son qoydu. Vətən müharibəsinin ilk günlərində Kəlbəcər rayonunun şimal hissəsi (Murovdağ silsiləsi) işğaldan azad edildi. Burada yerləşən stratejik yüksəkliklərin ordumuzun nəzarətinə keçməsi müharibənin gedişatına böyük təsir göstərdi. Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin də öz çıxışında dediyi kimi – “Biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq.”
Həm ön cəbhədə, həm də siyasi arenada əldə etdiyimiz üstünlük qələbəni özü ilə gətirdi. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verilmişdir. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilmişdir.
Üçtərəfli Bəyanatın şərtlərinə əsasən Kəlbəcər rayonu hərbi müdaxilə olmadan boşaldılmağa başladı. Burada məskunlaşan ermənilər rayondan çıxarkən evlərə od vurur, ətraf əraziləri yandırırdılar. Bütün beynəlxalq ictimaiyyət qarşısında baş verən bu proseslər bir daha erməni vəhşiliyini, erməni vandalizmini bütün dünyaya nümayiş etdirdi. İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması, obyektlərin dağıdılması beynəlxalq hüquq normalarına görə cinayət sayılır.
2020-ci il noyabrın 26-da Cənab Prezident İlham Əliyevin əmri ilə “Kəlbəcər rayonunun işğaldan azad olunmasına görə” medalı təsis edildi və Kəlbəcər rayonu uğrunda döyüşlərdə şəxsi igidlik və şücaət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları medalla təltif edilmişdir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il Sərəncamına əsasən 25 noyabr Kəlbəcər şəhəri günü elan edildi. Prezident İlham Əliyev rayona dəfələrlə səfər etmiş və quruculuq işləri ilə bağlı müxtəlif göstərişlər, əmrlər vermişdir. İşğaldan azad olunmuş bütün ərazilərdə olduğu kimi, Kəlbəcər rayonunda da quruculuq və bərpa işləri geniş vüsət almışdır. “Toğanalı-Kəlbəcər-İstisu” avtomobil yolu, “Çıraq 1”, “Çıraq 2” su elektrik stansiyalarının, “İstisu” mineral su zavodunun tikintisi və açılışları, Zar, Zallar, Yanşaq və s. kəndlərində yaşayış üçün bərpa edilməsi bu işlərə bariz nümunədir.
Beləliklə, gedən bu proseslər bir daha göstərir ki, Azərbaycan regionda durmadan inkişaf edən, öz sözünü bütün siyasi arenalarda deyə bilən dövlətə çevrilmişdir.
Aytən Məmmədova,
Bakıxanov qəsəbəsi, 96 №-li tam orta məktəbin Coğrafiya müəllimi