AnalitikaDünyaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Həqiqətin səsi Şuşadan ucalır

Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşa şəhəri növbəti dəfə dünya mediasının və intellektual elitasının müzakirə mərkəzinə çevrilib. 13 iyul 2026-cı il tarixində Şuşada start götürən IV Qlobal Media Forumu “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunub. 53 ölkədən 160-a yaxın media nümayəndəsinin, 30-a yaxın beynəlxalq informasiya agentliyinin və rəsmi şəxslərin qatıldığı bu möhtəşəm tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.

Dövlət başçısının forum iştirakçıları ilə keçirdiyi görüş, onun dərinməzmunlu çıxışı və xarici jurnalistlərin suallarına verdiyi cəsarətli, obyektiv cavablar tədbirin əsas siyasi-ideoloji sütununu təşkil edib.

Builki forumun mövzusu dünyada geosiyasi gərginliyin artdığı, informasiya müharibələrinin və dezinformasiyanın qlobal təhlükəsizliyə təhdid yaratdığı bir dövrdə xüsusi aktuallıq kəsb edir. Prezident İlham Əliyev öz çıxışında və suallara cavablarında medianın sadəcə xəbər ötürücüsü deyil, həm də xalqlar arasında etimadın qurulmasında və sülhün bərqərar olmasında strateji vasitə olduğunu vurğulayıb.

Xarici ekspertlər və media mənsubları dövlət başçısının jurnalistlərlə səmimi, açıq və yüksək peşəkarlıqla keçən dialoqunu xüsusi nümunə kimi qiymətləndiriblər. Dünyanın müxtəlif yerlərindən gələn jurnalistlərə heç bir senzuradan keçmədən, birbaşa sual vermək imkanının yaradılması Azərbaycanın beynəlxalq media azadlığına və şəffaflığa verdiyi önəmin bariz göstəricisidir.

Geniş formatda keçən sual-cavab sessiyasında Prezident İlham Əliyev həm regional təhlükəsizlik, həm daxili sabitlik, həm də qlobal idarəetmə ilə bağlı çox mühüm mesajlar verib. Dövlət başçısı ölkədaxili sabitliyin sarsılmaz olduğunu diqqətə çatdıraraq qeyd edib:”Bizim üçün yeganə risk Azərbaycanı müəyyən avantüralara cəlb etmək cəhdləridir.”

Bu bəyanat regionda manipulyasiya etmək istəyən xarici dairələrə, həmçinin Cənubi Qafqazda militarizasiya siyasəti yürüdən qüvvələrə qarşı açıq xəbərdarlıq xarakteri daşıyır. Azərbaycanın müstəyil xarici siyasət yürütdüyü və heç bir kənar diktə ilə hərəkət etməyəcəyi bir daha bəyan olunub.

Prezident İlham Əliyev ölkə daxilindəki milli və mənəvi həmrəyliyə toxunaraq bildirib ki, bu gün Azərbaycan cəmiyyətindəki birliyə oxşar mənəvi-siyasi mənzərəni müasir dünyada tapmaq olduqca çətindir. Məhz bu daxili monolitlik və xalq-iqtidar birliyi Azərbaycanın qazandığı tarixi zəfərlərin və reallaşdırdığı böyük layihələrin fundamental təminatıdır.

Şuşa Forumu təkcə regional deyil, həm də qlobal problemlərin müzakirə olunduğu tribunaya çevrilib. Prezident BMT Təhlükəsizlik Şurasının hazırkı strukturunun müasir çağırışlara cavab vermədiyini və ədalətsiz olduğunu vurğulayıb. O, dünyada çoxqütblülüyün və ədalətin bərqərar olması üçün Afrika İttifaqına sədrlik edən ölkənin BMT Təhlükəsizlik Şurasında mütləq daimi əsaslarla təmsil olunmasının vacibliyini qeyd edib. Bu təşəbbüs Azərbaycanın dünyada “Qlobal Cənub”un və fundamental ədalətin carçısı rolunu növbəti dəfə təsdiqləyir.

Prezident İlham Əliyev Azərbaycanın qonşu və dost ölkələrlə münasibətlərinə də geniş yer ayırıb. Ölkə başçısı Azərbaycan və Qazaxıstanın Xəzərin hər iki sahilində yerləşən strateji tərəfdaşlar olaraq nəqliyyat, loqistika (Orta Dəhliz) və enerji sahəsində çox fəal əməkdaşlıq etdiyini bildirib, həmçinin Pakistanın beynəlxalq müstəvidəki ədalətli mövqeyini və vasitəçilik səylərini yüksək qiymətləndirərək, bu ölkənin qlobal arenada böyük nüfuza malik olduğunu vurğulayıb.

2023-cü ildən ənənəvi olaraq keçirilən Şuşa Qlobal Media Forumları (4-cü Sənaye İnqilabı, Dezinformasiya ilə mübarizə, Süni İntellekt və bu il Sülh missiyası) göstərir ki, işğaldan azad edilmiş Şuşa şəhəri artıq təkcə quruculuq və bərpa meydanı deyil, həm də qlobal intellektual beyin mərkəzidir.

Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışı və xarici jurnalistlərin suallarına verdiyi dərin, məntiqli və qətiyyətli cavablar Azərbaycanın regionda davamlı sülh tərəfdarı olduğunu, eyni zamanda milli maraqlarını qorumaq üçün hər cür təhdidə qarşı hazır dayandığını bütün dünyaya nümayiş etdirdi. Şuşadan yayılan bu mesajlar, regionda və dünyada yeni sülh və etimad arxitekturasının qurulmasına ciddi töhfədir.

Heydər Rəhimov,
Nizami bələdiyyəsinin sədr müavini

Oxşar Xəbərlər

Back to top button