AnalitikaGündəmSosial

Heydər Əliyev və Azərbaycan Gəncliyi: Milli İnkişafın Aparıcı Qüvvəsi

Azərbaycan dövlətinin möhkəmlənməsi və davamlı inkişafının təmin olunmasında gənclərin rolu danılmazdır. Bu həqiqəti dərindən dərk edən Ulu Öndər Heydər Əliyev gənclər siyasətini dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsinə çevirmişdir. Onun əsas məqsədi müstəqil dövlətin maraqlarını qoruyan, milli dəyərlərə sadiq, müasir dünyagörüşlü və intellektual səviyyəsi yüksək olan gənc nəslin formalaşdırılması olmuşdur. Heydər Əliyev gənclərə yalnız gələcəyin ümidləri kimi deyil, həm də cəmiyyətin bugünkü inkişafında fəal iştirak edən qüvvə kimi yanaşırdı. O, hesab edirdi ki, gənclərin potensialından düzgün istifadə olunması ölkənin siyasi, iqtisadi və mədəni tərəqqisini sürətləndirə bilər.

Bu baxımdan gənclərin ictimai-siyasi həyata cəlb edilməsi, onların təşəbbüslərinin dəstəklənməsi və qərarların qəbulunda iştirakının təmin olunması əsas prioritetlərdən biri olmuşdur. Ulu Öndərin gənclər siyasətində təhsil xüsusi yer tuturdu. O, savadlı və bilikli gənclərin yetişdirilməsini dövlətin strateji vəzifəsi kimi müəyyənləşdirmişdir. Heydər Əliyevin rəhbərliyi dövründə təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, ali və orta ixtisas təhsili sisteminin inkişafına xüsusi diqqət yetirilmişdir. Eyni zamanda, istedadlı gənclərin üzə çıxarılması və onların hərtərəfli inkişafı üçün şərait yaradılmışdır.

Xarici ölkələrdə təhsil alan gənclər ölkəyə qayıdaraq qazandıqları bilik və təcrübəni Azərbaycanın inkişafına yönəltmişlər. Heydər Əliyev gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasını gənclər siyasətinin əsas sütunlarından biri hesab edirdi. Onun fikrincə, Vətənə sevgi, dövlətə sədaqət və milli-mənəvi dəyərlərə hörmət gənc nəslin formalaşmasında əsas rol oynamalıdır. Bu məqsədlə gənclərin tariximizə, mədəniyyətimizə və dilimizə bağlılığının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Gənclərin fiziki və mənəvi sağlamlığının qorunması da Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. İdmanın inkişafı, sağlam həyat tərzinin təbliği, gənclərin asudə vaxtının səmərəli təşkili dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilmişdir.

Bu sahədə görülən işlər gənclərin sağlam ruhda və sağlam bədəndə yetişməsinə xidmət etmişdir. 1996-cı ildə keçirilmiş Azərbaycan Gənclərinin I Forumu Ulu Öndərin gənclərə olan xüsusi münasibətinin parlaq nümunəsi olmuşdur. Forum gənclərin problemlərinin açıq şəkildə müzakirə edildiyi, onların fikir və təkliflərinin dövlət səviyyəsində dinlənildiyi mühüm platforma kimi tarixə düşmüşdür. Bu hadisənin məntiqi nəticəsi olaraq 2 Fevral tarixi Azərbaycan Gəncləri Günü kimi təsis edilmişdir. Bu gün gənclərə göstərilən dövlət qayğısının və yüksək etimadın simvolu kimi qeyd olunur.

Bu gün Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müasir Azərbaycan gəncliyi dövlət tərəfindən yaradılan imkanlardan bəhrələnərək beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edir, müxtəlif sahələrdə mühüm nailiyyətlər əldə edir. Bu fakt bir daha sübut edir ki, Heydər Əliyevin gənclər siyasəti uzunmüddətli və dayanıqlı inkişaf strategiyasına əsaslanırdı. Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə xidmət edən fundamental bir xətt olmuşdur. Bu siyasət sayəsində Azərbaycan gəncliyi bu gün müstəqil, güclü və gələcəyə inamla baxan dövlətin əsas dayağına çevrilmişdir. 2 Fevral – Azərbaycan Gəncləri Günü isə bu etimadın və diqqətin ən ali ifadəsidir.

Nəsibova Günel,
Yeni Azərbaycan Partiyası,məsləhətçi

Oxşar Xəbərlər

Back to top button