
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dünya ölkələri ilə münasibətlərini yeni əsaslar üzərində qurmağa başladı. Beynəlxalq əlaqələrdə qarşılıqlı hörmət, əməkdaşlıq və suverenliyə riayət prinsipləri ölkəmizin xarici siyasətinin əsas dayaqlarından biri oldu. Bu kontekstdə, Azərbaycan üçün xüsusi önəm kəsb edən iki dövlət var ki, onların adı çəkildikdə dostluq, etibar və qarşılıqlı dəstək kimi anlayışlar ağıla gəlir – Türkiyə və İsrail. Hər iki ölkə ilə Azərbaycan arasındakı münasibətlər sadəcə diplomatik əlaqələrlə məhdudlaşmır, bu əlaqələrin dərinliyində ortaq maraqlar, tarixi təməllər və gələcəyə yönəlmiş strateji əməkdaşlıq dayanır.
Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri yalnız “dostluq” sözü ilə ifadə etmək yetərli deyil. Bu münasibətlər çox daha dərin, emosional və tarixi bağlarla möhkəmlənmişdir. “Bir millət, iki dövlət” deyimi illərdir dillərdə olsa da, bu ifadə 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsində öz real mənasını bir daha göstərdi. Müharibə zamanı Türkiyənin siyasi rəhbərliyindən tutmuş sıravi vətəndaşına qədər hər kəs Azərbaycanın haqlı mübarizəsini dəstəklədi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və digər yüksək vəzifəli şəxslər Azərbaycanın yanında olduqlarını bütün dünya ictimaiyyətinə açıq şəkildə bəyan etdilər. Bu, sadəcə diplomatik dəstək deyildi – bu, qardaşlıq borcunun yerinə yetirilməsi idi.
Türkiyə ilə münasibətlər yalnız hərbi və siyasi sahələrlə məhdudlaşmır. Təhsil, mədəniyyət, iqtisadiyyat və turizm sahələrində də sıx əməkdaşlıq mövcuddur. Azərbaycanlı gənclər Türkiyə universitetlərində təhsil alır, Türkiyənin böyük şirkətləri Azərbaycanda irimiqyaslı layihələr həyata keçirir, iki ölkə arasında turizm axını ildən-ilə artır. Hər iki ölkənin media orqanlarında bir-birinə qarşı hörmət və maraq hiss olunur. Bir sözlə, bu münasibətlər strateji tərəfdaşlıqdan daha artıqdır – bu, könüllərin dostluğudur.
İsrail və Azərbaycan arasındakı münasibətlər bəlkə də çoxlarının gözləmədiyi qədər yaxın və qarşılıqlı faydaya əsaslanan bir dostluq modelidir. İlk baxışdan dini və mədəni fərqliliklər bu münasibətlərin inkişafına əngəl kimi görünə bilərdi, lakin Azərbaycan tarix boyu multikulturalizmi və tolerantlığı ilə seçilən bir ölkə olaraq, yəhudi icmasına qarşı daim anlayışlı və dəstəkləyici münasibət sərgiləmişdir. Bu, İsrailin də Azərbaycana qarşı hörmətli və səmimi münasibətində mühüm rol oynamışdır.
İsrail, Azərbaycanla xüsusilə enerji, kənd təsərrüfatı, texnologiya və müdafiə sahələrində sıx əməkdaşlıq edir. Azərbaycan İsrailə enerji ixrac edən önəmli ölkələrdən biridir. Eyni zamanda, İsrailin qabaqcıl kənd təsərrüfatı texnologiyaları Azərbaycanda məhsuldarlığın artırılmasında və müasir aqrar sistemlərin qurulmasında mühüm rol oynayır. İki ölkə arasında iqtisadi-ticari əlaqələrin sürətlə inkişaf etməsi, bu münasibətlərin nə qədər möhkəm əsaslara söykəndiyini göstərir.
Bundan əlavə, İsrailin Azərbaycana siyasi səviyyədə göstərdiyi dəstək də diqqətəlayiqdir. Ermənistan-Azərbaycan münaqişəsində İsrail Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq, beynəlxalq hüququn prinsiplərini ön planda saxlamışdır. Bu, Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilmişdir. Azərbaycanın həm Türkiyə, həm də İsraillə qurduğu dostluq münasibətləri, bölgədə sabitliyin və inkişafın əsasını təşkil edir. Bu münasibətlər quru sözlərə deyil, konkret fəaliyyətlərə, real layihələrə və qarşılıqlı etimada əsaslanır. Bu ölkələr arasında ortaq layihələr, yüksək səviyyəli səfərlər, xalq diplomatiyası və mədəni mübadilələr, münasibətlərin sadəcə siyasi sferada deyil, dərin ictimai şüurda da möhkəmləndiyini göstərir.
Bu dostluqlar Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasında, iqtisadi inkişafında və beynəlxalq nüfuzunun artmasında mühüm rol oynayır. Eyni zamanda bu münasibətlər dünya dövlətlərinə də bir mesaj verir: dini və etnik fərqliliklərə baxmayaraq, qarşılıqlı hörmət və səmimi niyyət olduqda dostluq və əməkdaşlıq mümkündür.
Türkiyə və İsrail Azərbaycanın yalnız siyasi müttəfiqləri deyil, həm də çətin zamanlarda sınaqdan çıxmış səmimi və etibarlı dostlarıdır. Bu dostluqlar hər iki tərəf üçün strateji əhəmiyyət kəsb etsə də, onların əsasını qarşılıqlı hörmət, anlayış və ortaq dəyərlər təşkil edir. Gələcəkdə də bu münasibətlərin daha da dərinləşəcəyinə və xalqlarımız arasında dostluq körpülərinin daha da möhkəmlənəcəyinə şübhə yoxdur.
İbişli Qurban,
Bakıxanov qəsəbəsi, 107 nömrəli tam orta məktəbin tarix müəllimi