
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 5-də yerli media nümayəndələrinə verdiyi genişmiqyaslı müsahibə mühüm siyasi platforma rolunu oynayır. Müsahibədə suverenliyin tam bərpasından sonra ölkəmizin keçdiyi yeni tarixi dövrün dərin siyasi və iqtisadi təhlilini aydın şəkildə görməklə yanaşı Azərbacyanın xarici siyasət kursuna işıq salınıb. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan qlobal səviyyədə ən təhlükəsiz məkanlardan biri hesab edilə bilər. Onun sözlərinə görə, Azərbaycanı turistlər üçün cəlb edən meyarlardan söz açan dövlətimizin başçısı, həmçinin qeyd edib ki, iki aydan sonra Şahdağda ilk dəfə Xizəksürmə üzrə dünya çempionatı olacaq. “Dünya çempionatı Şahdağda ilk dəfə keçiriləcək. Ölkəmiz Beynəlxalq Xizək Federasiyasının təqviminə artıq daxil edilib. Azərbaycan cənub ölkəsidir. Çimərliklər buradan uzaqda deyil.
Öz həcminə, miqyasına və gözəlliyinə görə nadir olan “Sea Breeze” böyük tikinti layihəsi həyata keçirilir. Dünyanın heç bir yerində buna oxşar layihə yoxdur. Bir məkanda həm mehmanxana, həm əyləncə, həm yaşayış yerləri və digər imkanlar mövcuddur”. Dövlət başçısı elmin inkişafı məsələlərinə də toxunub. Bildirib ki, əgər biz doğrudan da elmi inkişaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin etmək yox, islahatlara getməliyik. Bu, qaçılmazdır. Biz bunu etməsək, onda inkişafın da müəyyən məhdudiyyətləri olacaq: “Bu, dövlətin niyyətidir, dövlətin siyasətidir. Təhsilin keyfiyyətinin, müəllimlərin sosial təminatının və peşəkarlığın artırılması, test sistemi və sair. Bütün bu amillər bir məqsəd güdür ki, cəmiyyət savadlı və bilikli olsun. Ancaq o halda biz uzunmüddətli inkişafa nail ola bilərik. Yox, olmazsa, neftimiz, qazımız qurtarandan sonra biz çox ağır vəziyyətə düşə bilərik”. Əhalinin məşğulluğunun təminatı da Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətində mühüm yer tutur.
Bunun nəticəsi olaraq ölkədə çoxsaylı yeni iş yerləri açılmaqla, aktiv məşğulluq proqramlarının əhatə dairəsi də ildən-ilə əhəmiyyətli dərəcədə genişləndirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin icra etdiyi məşğulluq proqramlarından biri də “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramıdır. Həmin proqram çərçivəsində 2025-ci ildə 468 işəgötürənlə əməkdaşlıq əsasında daha 1763 şəxs işlə təmin olunub. 2021-ci ildə icrasına başlanan birgə maliyyələşmə proqramı üzrə məşğulluğu təmin olunmuş şəxslərin 1 il ərzində əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilib. Ümumilikdə həmin proqram çərçivəsində 4 min 800-ə yaxın şəxs işlə təmin edilib. Dövlət başçısının sözlərinə görə, bu günə qədər 100 mindən çox insan özünüməşğulluq proqramı ilə əhatə olunub: “Yəni cəmiyyətdə ələbaxımlılıq olmamalıdır. Bunu tam aradan qaldırmışıq? Yox, yenə də var. İş yerləri yaradılır, o cümlədən Qarabağ və Şərqi Zəngəzur da böyük tikinti meydançasıdır. Yəni işləmək istəyən Azərbaycanda özü üçün iş tapa bilər, ya inşaatda, ya kənd təsərrüfatında, ya başqa sahələrdə. İşsizlik aşağı səviyyədədir, ancaq işsizlər var və bu, hər bir ölkədə var. …Özünüməşğulluq proqramı işsizliyin böyük hissəsini faktiki olaraq aradan qaldırır və bu insanlara verilən vasitələrlə onlar öz ailə büdcələrini təmin edə bilərlər”.
2025-ci ildə də şəhid ailələri və Vətən müharibəsi iştirakçılarına dövlət qayğısı davam edib. Bu, sosial dəstək proqramları, təqaüdlər (məsələn, Prezident təqaüdünün artırılması) və fərdi dəstək formalarını əhatə edib. Son illərdə 16 min şəhid ailəsinə və müharibə əlilinə, onların ailələrinə dövlət tərəfindən mənzillər verilib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, burada da Azərbaycan qədər bu sahəyə diqqət yetirən ikinci ölkə yoxdur: “Mən bilmirəm hansı ölkədə şəhid olanlara dövlət tərəfindən mənzillər verilir, bəlkə verilir, amma mən bilmirəm, eşitməmişəm. Minik avtomobilləri verilir. Biz müharibə zamanı əlil olmuş hərbçiləri dövlət tərəfindən ən müasir protezlərlə təmin etmişik. Beş yüzdən çox insan protezlərlə təmin edilib və normal həyata qayıdıblar. Bu, ən son model protezlərdir. Müntəzəm olaraq onlara xidmət göstərilməlidir, dəyişdirilməlidir. Çünki bunu fizioloji nöqteyi-nəzərdən dəyişməyə ehtiyac var. Əlbəttə, biz bunu edirik, o insanlar qarşısında bizim vətəndaşlıq borcumuzdur”. Prezident İlham Əliyevin sosialyönümlü siyasəti Azərbaycanda sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində məqsədyönlü addımların atılacağına təminat verir.
Bədiyyə Sadıqova,
Yeni Azərbaycan Partiyasının məsləhətçi



