AnalitikaGündəmSiyasət

İqlim dəyişmələri ekzistensional əhəmiyyət daşıyan, inkişaf edən kiçik dövlətlərə gəldikdə, onlara güclü dəstək lazımdır

20 iyul 2025-ci il tarixində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən III Qlobal Media Forumu mühüm siyasi, informasiya və texnoloji məsələlərin müzakirə olunduğu beynəlxalq platformaya çevrildi. “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda keçirilən forumda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev həm ölkədaxili, həm də beynəlxalq auditoriyaya əhəmiyyətli mesajlar çatdırdı.

Prezidentin çıxışının əsas məğzi informasiya müharibəsi, dezinformasiya ilə mübarizə və media azadlığı çərçivəsində milli maraqların qorunması oldu. Dövlət başçısı çıxışında qeyd etdi ki, xüsusilə münaqişə dövrlərində — II Qarabağ müharibəsi və 2023-cü ildə keçirilmiş lokal antiterror tədbirləri zamanı Azərbaycanın informasiya təhlükəsizliyi hədəfə alınıb. Onun sözlərinə görə, dezinformasiyanın yayılması təkcə informasiya manipulyasiyası deyil, eyni zamanda geosiyasi təsir alətidir. Bu baxımdan, Azərbaycan rəqəmsal çağırışlara qarşı dayanıqlı informasiya siyasəti yürütməlidir.

İlham Əliyev süni intellektin informasiya istehsalı və yayımında artan roluna toxunaraq, yeni texnologiyaların medianın mahiyyətini dəyişdirdiyini vurğuladı. Dövlət başçısı bu texnoloji inkişafların azad sözlə dezinformasiyanın sərhədini daha da bulanıqlaşdırdığına diqqət çəkdi. O bildirdi ki, media subyektləri peşəkar və etik yanaşmalarla fəaliyyət göstərməli, süni intellektin gətirdiyi imkanlardan məsuliyyətli şəkildə istifadə etməlidirlər.

Forumda regional geosiyasi vəziyyətə də geniş yer verildi. Prezident İlham Əliyev Ermənistanla sülh sazişinin imzalanmasının mümkünlüyünə toxunaraq bildirdi ki, bu proses üçün əsas şərt Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından rəsmi olaraq imtina etməsidir. O qeyd etdi ki, tərəflər arasında aparılan danışıqlarda irəliləyişlər var və əgər proses bu tempdə davam edərsə, sülh sazişi ilin sonunadək imzalana bilər.

Prezident həmçinin Azərbaycanın Çinlə artan strateji tərəfdaşlığını da diqqətə çatdırdı. İlham Əliyev iki ölkə arasında qarşılıqlı etimadın yüksək səviyyədə olduğunu və bunun nəticəsində ötən illər ərzində əməkdaşlıq münasibətlərinin “strateji tərəfdaşlıqdan” “hərtərəfli strateji tərəfdaşlığa” yüksəldiyini bildirdi. Xüsusilə viza rejiminin sadələşdirilməsi, ticarət və informasiya mübadiləsi bu münasibətlərin konkret nəticələri kimi qiymətləndirildi.

Forumun ümumi əhəmiyyəti isə təkcə siyasi deyil, həm də texnoloji və etik müstəvidə özünü göstərdi. 49 ölkədən 200-dən çox iştirakçının qatıldığı tədbirdə beynəlxalq media mütəxəssisləri, jurnalistlər və siyasətçilər informasiya mühitindəki çağırışları və media təhlükəsizliyini müzakirə etdilər. Prezidentin çıxışı bu müzakirələrin əsas istiqamətlərini müəyyənləşdirən ideoloji və strateji çərçivəni təqdim etdi.

Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumundakı çıxışı, Azərbaycan dövlətinin informasiya təhlükəsizliyinə, media siyasətinə və regional sabitliyə verdiyi önəmi bir daha nümayiş etdirdi. Bu forum bir daha göstərdi ki, Azərbaycan təkcə Cənubi Qafqazın deyil, həm də beynəlxalq informasiya və media platformalarının fəal iştirakçısı və formalaşdırıcısıdır.

Murad Zeynalov
Yeni Azərbaycan Partiyası,Məsləhətçi

Oxşar Xəbərlər

Back to top button